Dünya ikinci "raund"un şahidi olacaq

Tərəflər növbəti ABŞ - Şimali Koreya sammitinin keçirilməsi barədə razılığa gəliblər
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. ABŞ dövlət katibi Mayk Pompeo və Şimali Koreya lideri Kim Çen In görüşərək bir sıra ikitərəfli məsələləri müzakirə ediblər. Bu barədə Sputnik Azərbaycan "DongA"-ya istinadən xəbər verir.

Tərəflər görüşü zamanı iki ölkə arasında yeni sammitin keçirilməsini də müzakirə ediblər. "Pompeo Kim Çen Inla nahar edib, tərəflər növbəti ABŞ — Şimali Koreya sammitinin keçirilməsi barədə razılığa gəliblər" — deyə məlumatda bildirilir.

ABŞ dövlət katibi və Kim Çen In, həmçinin Yonbendə nüvə obyektinin demontajını, o cümlədən müharibənin bitməsi haqqında bəyannamənin qəbulu məsələlərini də müzakirə ediblər.

Qeyd edək ki, bu ilin iyunun 12-də Sinqapurda ABŞ Prezidenti Donald Tramp ilə KXDR lideri Kim Çen In arasında görüş keçirilib. Sinqapurun Sentosa adasındakı "Kapella" mehmanxanasında başlayan görüşdən əvvəl hər iki lider ABŞ və Şimali Koreya bayraqlarının qarşısında bir-birlərinin əlini sıxdıqdan sonra bərabər olaraq təkbətək görüşün keçiriləcəyi otağa keçiblər.

ABŞ-ı Koreya ilə müharibədən mən xilas etdim – Tramp

Görüşdən sonra hər iki lider mətbuat nümayəndələrinə qısa açıqlamalar verib. Donald Tramp çox əhəmiyyətli bir görüş keçirdiklərini söyləyib. Kim Çen In isə "Buraya gəlmək asan olmadı. Maneələr vardı, ancaq bunları aşaraq buraya gəlmişik" — deyə bildirib.

Təkbətək görüşdən sonra danışıqlar geniş tərkibdə davam etdirilib. Daha sonra liderlər Sinqapurda keçirilən görüşün yekunlarına dair sənəd imzalayıblar.

Tramp imzalanmadan sonra bildirib ki, bu, hərtərəfli əməkdaşlığa dair sənəddir: "Biz Koreya yarımadasının nüvəsizləşdirilməsinə doğru sürətli addımlayırıq. Dünya ilə Şimali Koreya arasında münasibətlər bu sənədin imzalanmasından sonra tam dəyişəcək. Biz dünya üçün çox böyük və çox təhlükəli problemin həllinə çalışacağıq".

Şimali Koreya liderini Ağ Evə dəvət edən Tramp Sinqapurda baş verənlərdən qürur duyduqlarını dilə gətirib. O, Kim Çen Inla bundan sonra da görüşlər keçirəcəyini bildirib.

KXDR lideri isə dünyanın mühüm dəyişikliklərin şahidi olacağını deyib.