TƏHLİL

Lazımsız məsrəflər üçün kredit götürməyin - Banklara yeni səlahiyyət verilir

Bank özünü müflis elan etməklə digərlərinin qarşısında sığortalanmış olacaq
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov "Borclunun sağlamlaşdırılması planının məzmunu"nun təsdiq edilməsi haqqında qərar imzalayıb. "Borclunun sağlamlaşdırılması planı"nın məzmunu (bundan sonra — sənəd) "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun 41-1-ci maddəsinin 1-ci hissəsinə əsasən hazırlanıb. Məzmunda qeyd olunub ki, borclunun sağlamlaşdırılması planı borclu tərəfindən hazırlanır, kreditorların yığıncağı tərəfindən qəbul edilir və məhkəmə tərəfindən təsdiqlənir.

Maraqlıdır, "Borclunun sağlamlaşdırılması planının məzmunu"nu kreditorlara və borclulara nə verəcək? Sputnik Azərbaycan-ın bununla bağlı sualına iqtisadçı-alim Nazim Bəydəmirli aydınlıq gətirib.

N.Bəydəmirli bildirib ki, sağlamlaşdırma iqtisadi leksikonda çoxdan var: "Dövlət müəssisələrinin özəlləşdirmədən öncə sağlamlaşdırılması yeni bazar şəraitində borcluya, dövlət müəssisəsinə kömək etmək, onun biznesini daha da inkişaf etdirmək, mövcud bazar şəraitində onun rəqabətə qabiliyyətli olmasına gətirib çıxarmaq deməkdir. Yəni sağlamlaşdırma dəstək vermə anlamına gəlir".

Ekspert qeyd edib ki, uzun müddətdir ölkədə müflisləşmə, iflas haqqında qanun olmadığına görə, bu, bir neçə dəfə ictimai müzakirələrə səbəb olub: "Nəhayət, iflas haqqında qanun qəbul olundu. İflas haqqında qanun bir tərəfdən müsbətdir ki, vətəndaş və ya müəssisə məhkəmədə iflas olma barədə iddia qaldırırsa və iddia məhkəmə tərəfindən qəbul edilirsə, ondan sonra kreditorların ona qarşı iddia qaldırması qanunla qadağan olunur. O, özünü sığortalamış olur".

Alimin sözlərinə görə, Nazirlər Kabinetinin indiki qərarı sadə vətəndaşların problemlərini həll etmir: "Bankların və maliyyə təşkilatlarının mənafeyini daha da möhkəmləndirir. Məsələn, Azərbaycanda ilk dəfə "Bank Standart" özünü müflis elan etdi. Məhkəmə bu qərarı müraciətdən bir neçə gün sonra ildırım sürəti ilə qəbul etdi. Əslində, "Bank Standart"ın bu gün də minlərlə kreditorları var ki, bankdan pul tələb edirlər. Adamların mənafeyi qorunmadı".

"Həmin bank özünü müflis elan edərək, özünü digərlərinin qarşısında sığortalamış oldu. Amma öz öhdəliklərini unutdu. Ona qarşı iddiaçılar indiyə qədər həmin sağlamlaşdırma adı altında komissiyalar yaradıblar və öz vəsaitlərinin çıxarılması barədə düşünürlər. Yəni "Bank Standart"ın əmlakı satışa çıxarılan zaman onlar əldə edilən vəsaitlə həmin depozitorlara vəsaiti qaytarmaq yolunu tutur" – deyə ekspert əlavə edib.

Bəydəmirlinin qənaətincə, indiki qərar, əslində kreditor və maliyyə qurumlarının asan yolla borclunun əmlakına, biznesinə sahib çıxmalarına şərait yaradır: "Bank vətəndaşı məhkəməyə verirsə, bir neçə il və bir neçə məhkəmə prosesi keçirilməlidir ki, məhkəmə qərarı icraya verilsin. Amma indiki durumda borclunu razı salırlar ki, onun müflisləşməsi haqqında qərar qəbul edilsin. Məhkəmə bu barədə qərar verdikdən sonra həmin vətəndaş daha eyni problemlə məhkəməyə müraciət etmək hüququnu itirir. Mülki Məcəllədə qeyd edilib ki, vətəndaş eyni problem, eyni predmetlə ikinci dəfə məhkəməyə müraciət edə bilməz".

"Əhali banklardakı əmanətlərini geri çəkə bilər" - Deputatdan vacib təklif

Müsahibimiz onu da vurğulayıb ki, müxtəlif banklar illər boyu Milli Məclisə, ictimaiyyətə borcların yığılmaması ilə bağlı mesajlar ötürür: "İndi isə bu problemin asan həll yolu tapılıb. Artıq 100 minlərlə vətəndaş banklar qarşısında tərkisilah edilmiş durumdadır. Kreditlərin alınması ölkədə uzun illərdir ki, kor-koranə qəbul edilib. Əvvəldən də banklar dominant mövqedə olub. Çünki vətəndaşın seçim imkanı olmayıb. Vətəndaşın seçim imkanı o zaman olur ki, bankların kredit faizləri müxtəliflik təşkil etsin. Amma bizim maliyyə bazarında belə bir fərqlilik yoxdur".

"Biz bir bankın digər bankdan kifayət qədər fərqlənən kredit faizləri olduğunu eşitməmişik. İstehlak kreditləri, təxminən, eynidir, biznes kreditləri bir qədər fərqlənə bilər. O da bankların özlərinə yaxın olan müştərilərə az faizlə təklif edilir. Beynəlxalq Bankın təcrübəsində bunu gördük. Azərbaycanda banklar girovsuz heç bir şirkətə kredit vermir. Bu, mümkün deyil" – o, əlavə edib.

N.Bəydəmirli o fikirdədir ki, bu qərarla bankların kreditləri geri alma prosesində olan mövqeyi möhkəmlənəcək: "Düzdür, vətəndaşın hüququnun qorunması, biznesinin sağlamlaşdırılması, iş qabiliyyətinin artırılması üçün bu qərar gözəl sözlərlə bəzədilib. Görmüşük ki, dövlət əmlakının sağlamlaşdırılması prosesi zamanı ildə on milyonlarla vəsait dövlət büdcəsindən Əmlak Komitəsinə ayrılıb. Ancaq hər hansı bir dövlət müəssisəsini sağlamlaşdırmaq qoyduğu büdcə vəsaitinin 5-10 qatını qazandırmalı idi. Keçmiş sosialist ölkələrin təcrübəsi bunu göstərir".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, dövlət əgər dövlət büdcəsi hesabına dövlət müəssisəsində sağlamlaşdırma aparırsa, onun bazar dəyəri dəfələrlə artır: "Və potensial investor onu daha baha qiymətə alır. Həm də dövlət büdcəsindən qoyulan pullar dəfələrlə artıq qazanılmış olur. Biz bu təcrübəni heç vaxt görməmişik. Amma müxtəlif layihələr adı altında, xarici ölkələrdən məsləhətçi şirkətlərdən məsləhətlər alınıb, məsləhətçi şirkətlərə 10 milyonlarla vəsait verilib. Ancaq biz bu günə qədər hər hansı bir dövlət müəssisəsinin sağlamlaşdırıldıqdan sonra daha baha satıldığına şahid olmamışıq".

Bundan sonra nə baş verəcəyinə gəlincə: "Bank hesab etdikdə ki, vətəndaşın və ya şirkətin ödədiyi kreditin ödənilməsində gecikmə var. Ona təkliflərini edəcək. Əgər şirkət normal işlək şirkətdirsə, qərarda nəzərdə tutulmuş təkliflərlə kreditor şirkəti ələ keçirəcək. Ona görə də iş adamları lazımsız kreditlər alaraq lazımsız xərclərlə özlərini pis vəziyyətə salmamalıdırlar. Borc götürən zaman onun qaytarılması barədə düşünsünlər".