"İlin sonunadək inflyasiya daha çox manatdan asılı olacaq"

"2018-ci ilin inflyasiya səviyyəsini birbaşa manatın məzənnəsi müəyyənləşdirəcək"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 7 oktyabr — Sputnik. "2017-ci ildə Azərbaycanda inflyasiyanın göstəriciləri sabitləşib. 2018-ci ilin ilk 7 ayında ölkədə inflyasiyanın göstəricisi 2,8 faiz təşkil edib. Proqnozlarımıza görə, ilin sonunadək bu göstərici daha da aşağı olacaq. 2017-ci ildən formalaşan makroiqtisadi sabitlik 2018-ci ildə də davam etməkdədir". "Trend"in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Sputnik Azərbaycan 2018-ci ilin inflyasiya səviyyəsi ilə bağlı ekspertlərin fikirlərini öyrənib. 

Bayramov: “İnflyasiyanın iki rəqəmli olması qiymət artımları ilə bağlıdır”

İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, cari ilin inflyasiya səviyyəsi birrəqəmlidir: "Amma apardığımız monitorinqlər göstərir ki, cari ilin 7 ayı ərzində Azərbaycanda inflyasiya 2,8 faizdən çox olub. Amma inflyasiya birrəqəmlidir. Monitorinqlər göstərir ki, təxminən il ərzində ərzaq və qeyri-ərzaq məhsullarında 5 faiz ətrafında qiymət artımları müşahidə olunub. Bu da Mərkəzi Bankın elan etdiyi inflyasiya səviyyəsindən daha yüksəkdir".

Onun sözlərinə görə, Mərkəzi Bank, Dövlət Statistika Komitəsinin hazırladığı inflyasiya əsaslanması metodologiyasına uyğun olaraq əldə edilən inflyasiya göstəricisini elan edir: "Amma ilin sonunadək inflyasiya səviyyəsi daha çox manatın məzənnəsindən asılı olacaq. Əgər Mərkəzi Bank manatın mövcud məzənnəsini qoruyub saxlaya bilərsə, o zaman birrəqəmli inflyasiya qeydə alınacaq. İnflyasiya 2,8 faiz deyil, nisbətən daha yüksək olacaq, amma birrəqəmli olacaq. Manatın məzənnəsi stabil qalarsa, ikirəqəmli inflyasiyanın qeydə alınacağı gözlənilmir".

"Amma manatın məzənnəsində dəyişikliklər baş verərsə, bu, nəticə etibarı ilə istehlak bazarında qiymətlərə təsir göstərəcək. Bu baxımdan da məzənnə stabilliyi 2018-ci ildə əldə ediləcək inflyasiya üçün çox vacibdir" — deyə ekspert bildirib.

İqtisadçının fikrincə, Mərkəzi Bank elan etdiyi kimi, məzənnəni qoruyub saxlaya bilərsə, o zaman birrəqəmli inflyasiya ilə bağlı hədəflərə nail ola bilər: "Amma hazırda xüsusilə ərzaq məhsullarında qiymət artımları 2,8 faiz deyil, nisbətən daha yüksəkdir. Amma 2017-ci illə müqayisədə qiymətlər stabilləşib, qiymət artımları xeyli aşağıdır. Hərçənd ki, burada söhbət ərzaq məhsullarının qiymətlərinin azalmasından getmir. Söhbət faiz etibarı ilə müqayisəli qiymətlərin stabilləşməsindən gedir".

"Amma bütün hallarda 2018-ci ilin inflyasiya səviyyəsini birbaşa manatın məzənnəsi müəyyənləşdirəcək. Manatın məzənnəsində hər hansı bir dəyişiklik inflyasiya səviyyəsinin yenidən dəyişməsinə gətirib çıxarda bilər" — deyə o qeyd edib. 

Mərkəzi Bankın mövqeyi aydın oldu: Manat bahalaşmayacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Müslüm İbrahimov isə Elman Rüstəmovun söylədiyi fikirlərlə razı olduğunu deyib: "Qiymətləndirmə, proqnozlaşdırma və s. məsələlərdə Mərkəzi Bankın imkanları genişdir. İnflyasiyanın birrəqəmli olması normaldır. 2,8 faiz ölkənin makroiqtisadi siyasətinə uyğundur. Milli iqtisadiyyatda sabit artımın olması əsas hədəfdir".

"İnflyasiyanı 2,8 faizdə, iqtisadi artımı müəyyən bir səviyyədə saxlamaq bir-birini tamamlayır. İqtisadi artımın yüksək olması istər-istəməz inflyasiyanın artmasına gətirib çıxarır. Ona görə də hazırda makroiqtisadi siyasət bu fonda aparılır" – M.İbrahimov əlavə edib.