İDMAN

Tanınmış qadın idmançımızın məhkəməsində narazılıq düşdü, hakim kəskin xəbərdarlıq etdi

Gülşən Salmanova məhkəmədə qeyd edib ki, Nərgiz Fərəcova xəstədir və stress keçirdiyi üçün xəstəxanaya yerləşdirilib
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məşhur idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlanması ilə bağlı açılmış məhkəmə prosesinə yekun vurulmalı idi. Sputnik Azərbaycan xəbər verir ki, Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxslərdən biri Nicat İsrafilov gətirilsə də, digər təqsirkar Nərgiz Fərəcova gəlməyib.

Taekvondoçu Fəridə Əzizova

Onun vəkili Gülşən Salmanova məhkəmədə qeyd edib ki, Nərgiz Fərəcova xəstədir və stress keçirdiyi üçün xəstəxanaya yerləşdirilib. Fəridə Əzizova çıxış edərək təqsirkarın iştirakı olmadan məhkəmə prosesinin keçirilməsinə etirazını bildirib.

O deyib ki, N.Fərəcova məhkəmədən yayınmaq üçün bu üsula əl atıb: “Mən beynəlxalq yarışa hazırlaşıram. Məşqlərdən icazə alıb məhkəməyə gəlirəm. Nərgiz Fərəcova isə adi bəhanə ilə məhkəmədən yayınmağa çalışır. Mən onun iştirakı olmadan məhkəmənin keçirilməsini istəmirəm”.

Hakim Azad Məcidov F.Əzizovanın etirazını nəzərə alaraq, Nərgiz Fərəcovanın gəlməsi üçün məhkəmə bir həftə təxirə salınıb. Növbəti məhkəmə iclası 10 oktyabr tarixinə keçirilib. Hakim qeyd edib ki, əgər ikinci dəfə də Nərgiz Fərəcova məhkəməyə gəlməsə, o, axtarışa veriləcək və haqqında həbs qətiimkan tədbiri seçiləcək.

Xatırladaq ki, bir neçə ay öncə Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizova qarət olunub. Onun Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyfi oğurlanıb.