Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 2 oktyabr — Sputnik. UEFA-nın təşkil etdiyi Millətlər Liqası davam edir. Maraqlıdır ki, milli komandamızın üzvləri çıxışa hazırlaşanda qələbə qazanacaqlarını əzmlə dilə gətirsələr də, bu günə kimi keçirilən heç bir oyunda qələbə əldə edə bilməyiblər.
Komandaya kifayət qədər pul ayrılsa da, peşəkarların oynadıqları deyilsə də, qələbə qazana bilmirlər. Görəsən qələbə qazanmamağın səbəbi və ya səbəbləri nədir?
Sputnik Azərbaycan əksəriyyətini düşündürən bu suala idman yazarı Natiq Muxtarlı ilə cavab axtarıb.
Natiq Muxtarlı bildirib ki, klub futbolunda uğur qazanmaq üçün legionerlərin xidmətindən yararlanmaq olar, milli komanda isə klub komandası deyil. Milli komandanın nəticə əldə etməsi üçün iş görmək lazımdır. Bu işin adı isə "futbolçu yetişdirməkdir": "Çox təəssüf ki, bizdə bu işlə heç kim məşğul olmayıb. Çox təəssüf ki, hazırkı dövrdə də Avropanın 3-cü dərəcəli futbol ölkəsində də oynamaq iqtidarında olan bircə futbolçu yetişməyib".
"Futbolçu məhsuldur. Məhsulu yetişdirmək üçün infrastruktur lazımdır. Üstəlik, ciddi kadr problemi də mövcuddur. Uşaq futbolunda çalışanların məvacibi olduqca aşağıdır. Ona görə də, dünənin peşəkar futbolçuları uşaqlarla məşğul olmaq istəmirlər. Uşaq futbolunda təsadüfi "mütəxəssislər" söz sahibdir. Onlar da ancaq valideynlərin əlinə baxırlar" – deyə o əlavə edib.
Muxtarlı qonşu Gürcüstanın futbol məktəbini örnək göstərib: "Gürcüstan Futbol Federasiyasının 160-a yaxın məktəbi mövcuddur. Demək olar ki, bütün Gürcüstan respublikasını əhatə edir. İndi deyin görək, Azərbaycanın hansısa bölgəsində futbol məktəbi açılıb? Yox, açılmayıb. Azərbaycan futboluna oyunçu yetişdirmək üçün ciddi heç bir iş görülmür".
"Əgər biz futbolçu yetişdirməklə məşğul olmuruqsa, onda milli komandadan necə nəticə tələb edə bilərik? Axı milli komandada çıxış edənlər elə bir şəraitdə, elə mütəxəssislərin rəhbərliyi altında böyüyüblər ki, onların futbolçu olması mümkün deyil" – deyə idman yazarı gileylənir.
"Dünənə qədər Avropanın ən zəif futbol ölkələri hesab olunan Malta, Farer adaları, Lüksemburq bu gün nəticə verir. Onlar nəyin hesabına irəli gedib? Ona görə ki, onlar futbolçu yetişdirmək üçün iş görüblər. Bizdə bu iş görülməyib. Azərbaycan yığma komandasının nəticələri Azərbaycan futbolunun real durumuna adekvatdır" – deyə müsahibimiz vurğulayıb.
O düşünür ki, "Qarabağ"ın uğuru kimlərisə aldadıb: "Qarabağ"a o uğuru əcnəbi futbolçular qazandırıb. Əcnəbiləri "Qarabağ"dan göndərin və bu komanda heç vaxt avrokubokların qrup mərhələsinə vəsiqə qazana bilməyəcək. Yığma komandadan nəticə tələb etmək üçün ilk növbədə futbolçu yetişdirmək lazımdır. Bunun üçün isə infrastruktur qurulmalı və kadr potensialı olmalıdır. Xüsusən də bölgələrdə şərait yaradılmalıdır".
"Təəssüf ki, biz bu fikirləri 10 ildir deyirik. Ancaq nə fayda…" – idman yazarı təəssüflə deyib.