BAKI, 1 oktyabr — Sputnik. Təhsil eksperti Kamran Əsədov 2019-cu ildə IX (9-cu) siniflər üçün keçiləcək buraxılış imtahanlarının tam formatını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, ekspert bu barədə öz "Facebook" səhifəsində yazıb.
O, qeyd edib ki, IX siniflər üzrə buraxılış imtahanlarının yenə də iki mərhələdə, lakin 3 fənn üzrə keçirilməsi nəzərdə tutulur. Belə ki, hər iki mərhələdə şagirdlərin bilikləri tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndiriləcək.
"Birinci mərhələdə tədris dili üzrə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan, xarici dil üzrə də şagirdlərin oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən istifadə ediləcək. İkinci mərhələdə isə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə olunacaq" — deyə K.Əsədov vurğulayıb.