RUSİYA

Azərbaycanla Rusiya arasında mühüm görüş keçirilib

İki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın olduğunu diqqətə çatdırılıb
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Bu gün Azərbaycan Milli Məclisində Rusiyanın hakim partiyasının gənclər təşkilatı olan "Vahid Rusiya Gənclər Qvardiya"sı Ümumrusiya İctimai Təşkilatının nümayəndə heyəti ilə Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunün üzvləri arasında görüş olub.

Professor Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin perspektivlərini şərh edir

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli Azərbaycan ilə Rusiya arasındakı uğurlu əlaqələrdən danışıb, iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın olduğunu diqqətə çatdırıb.

Ə.Hüseynli bildirib ki, iki ölkənin parlamentləri arasında da sıx əlaqələr mövcuddur, qanunvericilik sahəsində səmərəli təcrübə mübadiləsi aparılır: "Ölkələrimizin parlamentlərində gənclər də təmsil olunur və onlar arasında əməkdaşlığın inkişaf etdirilməsi və bu cür səfərlərin təşkili çox müsbət haldır".

Milli Məclisin deputatı, Azərbaycanın rus icmasının rəhbəri Mixail Zabelin Azərbaycan ilə Rusiya arasında əlaqələrin, iki ölkənin gənclər təşkilatları arasında münasibətlərin çox uğurla inkişaf etdiyini bildirib. M.Zabelin Azərbaycanın tolerant ölkə olduğunu diqqətə çatdırıb: "Azərbaycanda rus dili, mədəniyyəti bu gün də qorunub saxlanır. Azərbaycanda rus dilinə və mədəniyyətinə böyük diqqət göstərilir".

M.Zabelin ötən gün Azərbaycanla Rusiya arasında regional forumun keçirildiyini, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərini də xatırladıb.

İşçi qrupun üzvü, millət vəkili Aydın Mirzəzadə çıxış edərək Azərbaycan ilə Rusiya arasında mehriban qonşuluq əlaqələrinin olduğunu diqqətə çatdırıb. Görüşdə çıxış edən millət vəkilləri ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini, bu cür səfərlərin münasibətlərin inkişafına töhfə verdiyini bildiriblər.

Rusiya nümayəndə heyətinin üzvü Bariyev Dinar Railoviç çıxış edərək Azərbaycana səfərdən məmmun olduqlarını vurğulayıb. O, diqqətə çatıdırb ki, Azərbaycan ilə Rusiya gəncləri arasında dostluq münasibətləri uğurla inkişaf edir və gələcəkdə də azərbaycanlı gəncləri Rusiyaya dəvət etmək istəyirik.