SƏHİYYƏ

Aşura günü qan verən yüzlərlə insanda təhlükəli xəstəliklər aşkarlanıb

İnfeksiya baxımından şübhəli qanlar müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilir
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (SN) və Qafqaz Müsəlmanları İdarəsinin (QTA) təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyalarında toplanılan qanların infeksiyalara görə müayinəsi aparılıb. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Üç saata 1233 nəfərdən 554 litr qan götürülüb

Bildirilib ki, müayinələr B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının kliniki laboratoriyasında IFA (imunoferment) metodu ilə həyata keçirilir. Qanlar 4 infeksiyaya görə (HIV; HBsAg; HCV; Sifilis) yoxlanılır. Müayinələrdə skrining keçirilir və infeksiya baxımından şübhəli olan qanlar barəsində müvafiq müəssisələrə məlumat verilir.

Müayinələr zamanı sifilislə bağlı şübhəli olan şəxslər barədə Dəri Zöhrəvi Dispanserinə, hepatitə şübhəli şəxslər barəsində Gigiyena və Epidemiologiya Mərkəzinə, QİÇS-lə bağlı Respublika QİÇS Mərkəzinə məlumat verilir və həmin şəxslər təkrar müayinələrə dəvət olunur. İnfeksiya baxımından şübhəli qanlar müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilir.

Beləliklə, Aşura günü qan verən 5539 nəfərin qanı müvafiq qaydada yoxlanılıb. 1 nəfərdə QİÇS, 96 nəfərdə hepatit B, 116 nəfərdə hepatit C, 76 nəfərdə sifilis aşkarlanıb.