SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ qloballaşmanın başa çatdığını elan etdi - Yeni savaş başlayır

Donald Trampın qloballaşmanın başa çatdığını elan etməsi, "Təkcə ABŞ" deyərək hər kəslə körpüləri yandırması yeni müharibə çağının başlanğıcı kimi görünür
Sputnik

BAKI, 27 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışı, qlobal sistemə və sülhə qarşı ən böyük təhdidin Vaşinqtondan gəldiyini bütün çılpaqlığı ilə göstərdi.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Trampın çıxış mətnini Ağ Evin baş məsləhətçisi Stefan Miller hazırlayıb və onun ifrat sağçı təşkilatlarla dərin əlaqələri var.

"Qloballaşma dövründə milli özünəməxsusluğun qorunması elmdən keçir"

Trampın çıxış mətni yeni dövrdə Vaşinqtonun qlobal səviyyədə izləyəcəyi təcridedici, müdaxiləçi təhlükəsizlik doktrinasının da çərçivəsini açıqlayıb. Hazırda ABŞ-da təhlükəsizlik qurumları, "Pentaqon", Mərkəzi Kəşfiyyat İdarəsi və digərləri bu yeni çərçivəyə uyğun şəkildə mövqelərini müəyyənləşdirirlər. Trampın çıxışı, dünyanın ABŞ-ın təhdidini ciddiyə almasının lazım olduğunu bir daha göstərdi. ABŞ prezidentinin çıxışının ruhu xaricə qəzəb dolu bir psixologiyanı əks etdirirdi. 

Trampın çıxışında diqqət çəkən məsələlərdən biri qloballaşma əleyhdarı olduğunu təsdiq etməsi oldu. "Qloballaşma ideologiyasını rədd edirik və vətənpərvərlik doktrinasını qəbul edirik" ifadələrini işlədən Trampın hədəfinin daha çox noyabr ayında keçiriləcək aralıq seçkilər olduğunu göstərdi. O, çıxışında "Öncə ABŞ" şüarından istifadə edib.

ABŞ prezidentinin çıxışında Vaşinqtonun Yaxın Şərqə dair yeni siyasəti də nümayiş etdirilib. Tramp çıxışında Yaxın Şərqdə son iki ildə nüvəsi yaranan yeni ittifaqa dəstəyini çatdırıb. O, ABŞ-ın "Ərəb NATO-su" adlandırılan regional bir strateji ittifaq qurmaq yolunda çalışdığını dilə gətirib.

ABŞ prezidenti, "Bütün ölkələri İrandakı rejimi təcrid etməyə çağırırıq" sözləri ilə İranı birbaşa hədəf alıb.

Trampın BMT-də ölkəsinin müdafiə büdcəsini tərifləməsi də təəccüb doğurub. O bildirib ki, "Müdafiə büdcəmizi 716 milyard dollara çatdırmışıq. Ordumuz yaxında heç olmadığı qədər güclü olacaq". Trampın bu sözləri ilə dolayı yolla təhdid dilinə müraciət etməsi diqqətlərdən qaçmadı.