HADİSƏ

Bakı məktəbində gözyaşardıcı hadisə: İkinci sinif şagirdinin ölüm səbəbi bəlli oldu

Temperaturu yüksələn uşağın dili qatlanıb, ətrafda heç kəs ona necə kömək etməli olduğunu bilməyib
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Sentyabrın 24-də Bakıdakı 67 saylı orta məktəbdə uşağın ölümünə səbəb onun dilinin qatlanması olub. Bu barədə Sputnik Azərbaycan-a Sabunçu Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Nazir Bakı məktəblərindəki şagird sıxlığı məsələsinə aydınlıq gətirdi

Qeyd edək ki, Sabunçu RPİ-nin 12-ci polis bölməsinin nəzarətində olan ərazidə yerləşən həmin məktəbdə ikinci sinif şagirdi, 2011-ci il təvəllüdlü Sabir Xəlilov vəfat edib. Uşaq məktəbdə özünü pis hiss etməyə başlayıb. Ona təcili tibbi yardım göstərməyə çalışsalar da, oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Məktəbin işçiləri təcili tibbi yardım briqadası çağırıblar. Lakin həkimlər hadisə yerinə çatanda uşaq artıq ölübmüş. Qeyd edək ki, məktəbdən gələn zəngdən 10 dəqiqə sonra həkimlər hadisə yerində olublar.

Bununla yanaşı, əldə etdiyimiz məlumata görə, sentyabrın 24-də Sabir Xəlilovda yüksək temperatur müşahidə edilib. Buna baxmayaraq, valideynləri onu məktəbə yollayıblar.

Bədən temperaturunun hədsiz yüksəlməsi bəzi hallarda uşaqlarda qıcolmaya səbəb olur. Xəlilovda da eyni hal təkrarlanıb. Həmin anda onun dili qatlanıb, lakin ətrafda heç kəs onunla necə düzgün davranmaq lazım gəldiyini bilməyib.

Hazırda faktla bağlı araşdırma aparılır.