RUSİYA

Əvvəl Azərbaycan parlamentində olmuş şəxs Avropada casusluq ittihamı ilə saxlanılıb

Hazırda onun Rusiyanın təhlükəsizlik qüvvələrinə xidmət edən casus olub-olmadığı araşdırılır
Sputnik

BAKI, 24 sentyabr — Sputnik. Rusiya vətəndaşı Norveçin paytaxtı Osloda "qanunsuz informasiya fəaliyyəti"ndə şübhəli bilinərək həbs edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, sözügedən rusiyalının vəkili Hege Aakre müvəkkilinin həbsinin anlaşılmazlıq səbəbindən baş verdiyini deyib.

ABŞ-ın casus təyyarəsi Rusiya sərhədinə yaxınlaşdı, qırıcılar havaya qalxdı

O, Rusiya vətəndaşının nədə şübhəli bilindiyini ayırd etməyə çalışsa da, hələlik buna müvəffəq ola bilməyib: "Müvəkkilim bildirir ki, ondan niyə şübhələndiklərinin səbəbini bilmir və hesab edir ki, burada nəsə yanlış anlaşılma var".

Vəkilin sözlərinə görə, həbs olunmuş Rusiya vətəndaşının 51 yaşı var. Onunla bağlı digər təfərrüatları vəkil açıqlamayıb. Rusiyanın Oslodakı səfirliyi də baş verən hadisəni şərh edə bilməyib.

Norveçin informasiya agentliklərinin yaydığı məlumata görə, sözügedən şəxs ötən həftənin 5-ci günü Norveç parlamentində keçirilən seminarda iştirak etdikdən sonra şübhəli şəxs qismində Oslo aeroportunda saxlanılıb. Onun həbsi barədə qərarı Oslo məhkəməsi şənbə günü çıxarıb. Sözügedən seminar rəqəmsallaşdırma məsələlərinə həsr olunub və orada dünyanın 34 ölkəsindən parlament administrasiyaları sistemində işləyən 79 nəfər iştirak edib.

"Osloda saxlanılan 51 yaşlı Rusiya vətəndaşının həbsi onun Norveç parlamentində qanunsuz məlumat topladığına dair şübhələrlə izah edilsə də, onun məlumatları qanuni, yoxsa qanunsuz topladığı barədə konkret dəlil yoxdur" — deyə rusiyalı məhkumun vəkili Hege Aakre "Verdens Gang" (VG) nəşrinə bildirib.

Daha əvvəl belə bir məlumat yayılmışdı ki, sözügedən kişi parlamentin girişin qadağan edildiyi ərazisinə daxil olduğu üçün saxlanılıb. "O, seminar iştirakçılarının girişinin qadağan edildiyi heç bir yerə daxil olmayıb. Onlar sadəcə ehtimal irəli sürürlər. Deyirlər ki, onların şübhələnməsinə əsas verən müşahidələri mövcuddur. Lakin müvəkkilimin informasiya topladığına dair heç bir dəlil yoxdur. Şübhəli şəxs isə parlamentdə nə baş verdiyinə dair ətraflı izahat verib" — deyə vəkil bildirib.

Hüquq müdafiəçisinin fikrincə, əgər bu izahata diqqət yetirilsə, məlum olacaq ki, Rusiya vətəndaşı heç bir qanunsuz əməl törətməyib. Nəşrin məlumatına görə, sözügedən 51 yaşlı Rusiya vətəndaşı son illərdə onun fəaliyyət sahəsi olan informasiyaların qorunması ilə bağlı dünyada keçirilən bir çox konfranslarda iştirak edib.

Saxlanılan şəxsin vəkili etiraf edib ki, rusiyalı müvəkkilinin Norveçdə keçirilən seminarda iştirakdan savayı başqa məqsədi olmayıb: "Mən yalnız onu deyə bilərəm ki, onun Osloda olma səbəbi seminarla bağlıdır".

VG-nin məlumatına görə, sözügedən konfransın mövzusu Avropa parlamentləri arasında informasiya, fikir və təcrübə mübadiləsi olub. Və işin bizim üçün maraqlı tərəfi ondan ibarətdir ki, saxlanılan Rusiya vətəndaşı Azərbaycan, Portuqaliya, Macarıstan və digər ölkələrin parlamentlərində bu cür tədbirlərdə iştirak edib.

Ələ keçirilən erməni kəşfiyyatçı danışdı — real görüntü

NRK teleşirkətinin məlumatına görə, sözügedən şəxs 1984-1991-ci illərdə Moskvada riyaziyyat və informasiya üzrə universitet təhsili alıb. Vəkilinin dediyinə görə, rusiyalı məhkum polisə ona məxsus bütün elektron cihazlara çıxış imkanı yaradıb. Rusiya səfirliyi həbsin səbəbinin absurd olduğunu və qeyri-müəyyən xarakter daşıdığını bildirib.

Norveç KİV-ləri Oslonun təhlükəsizlik orqanlarının Rusiya vətəndaşının həbsini onun casusluq fəaliyyətindən şübhələnmələri ilə izah etdiyini yazıb. "Davamlı olaraq yalnız parlamentlərdə informasiya təhlükəsizliyi və informasiya hücumlarından qorunma ilə bağlı seminarlara qatılan Rusiya vətəndaşının Norveç parlamentinə necə gəlib çıxdığı araşdırılır. Bizdə olan məlumata görə, o, sözügedən seminara dəvət olunmayıb və öz təşəbbüsü ilə qatılıb. Parlament binasında isə qadağan olunmuş ərazilərə daxil olub. Onun Rusiyanın təhlsikəsizlik qüvvələrinə xidmət edən casus olub-olmadığı araşdırılır" — deyə Norveçin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.