BAKI, 21 sentyabr — Sputnik. Azərbaycanın yeniyetmə idmançıları Argentinada keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına yollanırlar. Sputnik Azərbaycan xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Argentinaya yollanacaq Azərbaycan idmançılarının sayı və oyunların vaxtı məlum olub.
Oyunlar 6-18 oktyabr tarixlərində reallaşacaq. 4012 idmançının iştirak edəcəyi Olimpiadada Azərbaycanı 9 idman növündə 17 idmançı təmsil edəcək. Azərbaycan idmançıları güclərini ağırlıqqaldırma, atletika, boks, bədii gimnastika, idman gimnastikası, stolüstü tennis, güləş, taekvando, cüdo, üzgüçülük idman növlərində sınayacaqlar.
Konfrans zamanı çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Olimpiadaya yollanan idmançılara uğurlar arzulayıb: "Həmişə olduğu kimi, bu yarışlarda da hər birinizə uğur arzulayırıq. Yeniyetmələrin birinci və ikinci Olimpiadasında necə uğur qazanmışdıqsa, bu yarışda da yeniyetmə idmançılarımızdan ən azı həmin uğuru təkrarlamağı gözləyirik".