Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 19 sentyabr — Sputnik. Cüdo üzrə Dünya Çempionatının keçirilməsinə saatlar qalıb. Artıq püşkatma mərasimi keçirilib və yarışda iştirak edəcək cüdoçuların ilk qarşılasacaqları rəqibləri məlum olub.
Sputnik Azərbaycan-ın əməkdaşı cüdo mütəxəssislərinin mötəbər yarış haqqında fikirlərini öyrənib.
Milli komandanın məşqçisi və cüdoçu Elxan Məmmədov komanda haqqında təəssüratlarını bölüşüb: "Federasiya rəhbərliyi tapşırıq verib ki, komandanın yanında olum, onlara kömək edim. Karyeramı da davam etdirirəm. Hələ ki, karyeramı bitirmək fikrim yoxdur. Komandanın hazırlığından çox razıyam. Baş məşqçinin dediyi hər bir tapşırığı idmançılar reallaşdırırlar. Bakıda sıxlıq olduğu üçün Zaqulbada təlim-məşq toplanışı etdik. Səs-küydən və şəhərdən uzaq bir yerdə məşq etməyi üstün tutduq. Eyni zamanda idmançılarımız dünyanın ən güclü cüdo məktəbləri sayılan Yaponiya, Koreya, Fransa, Rusiyanın milli komandaları ilə təlim məşq toplanışı keçiblər".
O bildirib ki, komandamızın hazırlığı fiziki və taktiki cəhətdən yaxşıdır: "Cüdo o qədər inkişaf edib ki, bu gün yarışda ancaq dözümlü idmançı qalib gələ bilər. Bizdə həm fiziki, həm də texniki vəziyyətə fikir verilir. Püşkatmanın nəticəsi də pis deyil. Orxan Səfərov, Rüstəm Orucov, Nicat Şıxəliyev, Elxan Məmmədov və Kəramət Hüseynovdan medal gözləyirəm".
Milli komandanın baş məşqçisi Ruslan Maşurenko isə deyib ki, bu çempionat ən güclü yarışlardan biridir: "Dünyanın ən güclü idmançıları bu çempionatda iştirak edirlər. 130-dan çox ölkənin bir nömrəli cüdoçuları Dünya çempionatında öz güclərini sınayacaqlar. Bizi çətin və məsuliyyətli yarış gözləyir”.
R.Maşurenko da komandamızın bu çətin yarışa yaxşı hazırlaşdığını vurğulayıb: “Məqsədimiz hər bir idmançımızın uğur qazanmasıdır. Cüdoçularımız yaxşı hazırlaşıb və hər biri yalnız uğur qazanmaq üçün yarışacaq. Düşünürəm ki, hər biri medal qazanmağı bacarar. Çünki onlar bu yarışa həm psixoloji, həm də fiziki cəhətdən hazırdırlar".