RUSİYA

Tarixi İdlib razılaşması əldə edildi

Rusiya və Türkiyə İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılığa gəlib
Sputnik

BAKI, 17 sentyabr — Sputnik. Rusiya və Türkiyə Suriyanın İdlib əyalətində terrorçuları məhv etmək üçün bütün səylərini səfərbər edəcəklər. Sputnik AzərbaycanRusiya mətbuatına istinadən məlumat verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra bəyan edib.

"Cənab Putinlə görüşdə İdlib məsələsini həll etmək barədə razılığa gəldik. Suriya müxalifətinin nəzarətində olan əraziləri hərbsizləşdirmək lazımdır. O ərazilərə nəzarət edən müxalifət orada qalacaq, lakin eyni zamanda biz Rusiya ilə birlikdə həmin ərazilərdən bütün radikal qrupları çıxarmaq üçün əlimizdən gələni edəcəyik", — Ərdoğan bildirib.

Öz növbəsində Vladimir Putin Rusiya və Türkiyənin oktyabrın 15-dək İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılığa gəldiyini deyib.

Onun sözlərinə görə, hərbsizləşdirilmiş zona silahlı müxalifət və hökumət qoşunlarının təmas xətti boyunca 15-20 km dərinliyində olacaq.

Zonaya iki ölkənin xüsusi qrupları nəzarət edəcək.

Oktyabrın 10-dək bütün müxalifət qruplaşmalarının ağır silahları, tankları, reaktiv yaylım atəşi sistemləri, topları və minaatanları sözügedən zonadan çıxarılacaq.