BAKI, 15 sentyabr — Sputnik. 2018-ci ilin yanvar-iyun ayları üzrə tədiyyə balansının ümumi profisiti 1,7 milyard dollar təşkil edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın 2018-ci ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikası Tədiyyə balansı hesabatında yer alıb.
Bildirilir ki, bu, həm neftin qiymətinin 40% bahalaşması, həm də cari əməliyyatlar balansında (CƏB) yaranan müsbət tendensiyalar hesabına baş verib.
Hesabata əsasən, cari əməliyyatlar balansında 3,5 milyard dollarlıq profisit yaranıb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nəzərən 25,7% (564 milyon dollar) artaraq, 2,8 milyard dollar olub:
“2018-ci ilin yanvar-iyun aylarında cari əməliyyatlar hesabında 3,5 milyard dollar məbləğində profisit yaranıb. O cümlədən, neft-qaz sektoru üzrə profisit 6,3 milyard dollar məbləğində olub. Qeyri-neft sektoru üzrə CƏB kəsiri ötən ilin müvafiq dövrünə nisbətən 25.7% (564 milyon dollar), neft-qaz sektoru üzrə CƏB profisiti isə 2,1 dəfə (3,3 milyard dollar) artıb. Neft-qaz sektorunun 6,3 milyard dollarlıq profisiti qeyri-neft sektoru üzrə cari hesabın 2,8 milyard dollarlıq məbləğində kəsirini tam örtüb”.
AMB-nin məlumatına görə, hesabat dövründə cari əməliyyatlar hesabına müsbət təsir edən amillər bunlar olub: xarici ticarət profisitinin 1,4 dəfə artımı; qeyri-neft ixracının 14,1% artımı; neft-qaz sektorunun 42,3% artımı; xidmətlər üzrə kəsirin 2,1 dəfə azalması və s.
Qeyd edək ki, tədiyyə balansının profisitli olması şəraitində valyuta bazarında tarazlıq təmin edilir və manatın məzənnəsi stabil qalır.