İDMAN

Rövnəq Abdullayev Azərbaycan millisinin üzvləri ilə görüşüb

ACF prezidenti cüdoçulara dünya çempionatında uğurlar arzulayıb
Sputnik

BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev Bakıda keçiriləcək dünya çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə əvvəlcə kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Natiq Bağırov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər. Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər iki mütəxəssis mundialda layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərni vurğulayıb.

Öz növbəsində, R.Abdullayev dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O qeyd edib ki, dünya çempionatı kimi nüfuzlu yarışın Azərbaycana həvalə olunması bunun bariz nümunəsidir. ACF prezidenti cüdoçulara dünya çempionatında uğurlar arzulayıb.

Görüşdə federasiyanın vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov, Elnur Məmmədli, həmçinin, cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev iştirak edib.

Qeyd edək ki, dünya çempionatı 20-27 sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək.