CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensilvaniyada Azərbaycan kvartalı: Amerikada Şəki ləhcəsində danışanlar kimdir?

Teleaparıcı Aynur Talıbova Pensilvaniyada şəkililərlə görüşüb və onların Amerikadakı həyat hekayələrini dinləyib
Sputnik

BAKI, 12 sentyabr — Sputnik. Ailəsi ilə birlikdə Amerikaya köçmüş azərbaycanlı teleaparıcı Aynur Talıbova əmindir ki, yaxında ABŞ-ın Pensilvaniya ştatında Şəki kvartalı yaranacaq. Çünki burada xeyli sayda şəkili yaşayır.

Sputnik Azərbaycan-ın məlumatına görə, Talıbova uzun müddətdir Pensilvaniyada yaşayan şəkililərlə görüşünün videoçarxını Youtube-da yerləşdirib. 

"Pensilvaniyada Şəki ləhcəsi ilə danışan bir Amerika məhəlləsi formalaşmaqdadır. Biz yayın son həftəsində Pensilvaniyadakı Şəki "mafiyası" ilə tanış olmağa gəldik" – deyə Talıbova bildirib.

Sonra kadrlarda “Amerika şəkililərinin” milli mətbəximizin sevilən yeməklərindən olan kababı bişirməsi və süfrə hazırlaması kadrları yer alıb.

Videoda azərbaycanlılar Amerikaya necə gəldiklərindən və orada yaşamağın çətinliklərindən danışıblar.

Şahid Abdurahmanlı adlı şəkili deyib ki, nə qədər Amerikada yaşasalar da, xoş günlər görsələr də, həmişə ürəkləri Azərbaycanladır.

Babək Abdurahmanlı isə deyib ki, ona hər gün sosial şəbəkələr vasitəsilə çox sayda azərbaycanlı müraciət edərək Amerikaya necə getdiklərini soruşurlar.

"Onlara demək istəyirəm ki, gələn kimi asan olmayacaq, yəni siz hər şeyi asanlıqla əldə edə bilməyəcəksiz. Mənim bəxtim onda gətirib ki, Amerikada qohumlarım var idi. Mən bura gələndə artıq evim, işim hazır idi, digər tələbatlarım ödənmişdi. Əlbəttə, əgər işləyirsənsə, əziyyət çəkirsənsə, Amerika səni hər şeylə təmin edir. Bəzən elə olur ki, biz həftənin 7 gününü işləyirik, amma sonda bu zəhmətin bəhrəsini görürük" — deyə Babək bildirir.

Mirəli Mirmahmudov deyib ki, Amerikada yaşadıqları hər bir gün qeyri-adi gündür: "Bizim burada keçirdiyimiz hər gün sanki ömrümüzü uzadır".

Tangiz Mirmahmudova isə bildirib ki, 2000-ci ildə vəziyyətlərinin çox ağır olduğu günlərdə Amerikaya gəliblər.

"Elə günlər idi ki, nə pulumuz qalmışdı, nə ərzağımız. Biz iki institut müəllimi qalmışdıq pis vəziyyətdə. Əvvəl Almaniyaya getməyə hazırlaşırdıq. Qonşumuz isə Amerikaya hazırlaşırdı. O, təsadüfən bizə dedi ki, getmək getməkdir də, gəlin Amerikaya gedək. Biz Nyu-Yorkda bir yataqxanaya gəlib düşdük. Orada ən aşağı təbəqənin nümayəndələri ilə bir yerdə qalmalı olduq. Ora axşam gəlib düşmüşdük, səhər duranda biz eyvana çıxdıq və öz-özümüzə təəccüblə dedik ki, Amerika bəyəm buradır? Biz bundan ötrü can atırdıq? Əvvəl-əvvəl çox çətin idi. Amma çətinlikləri dəf etdik" – deyə Mirmahmidova öz Amerika hekayəsini anladıb.

"Mühacirlər Amerika dəyərlərini sevməlidirlər"

O həmçinin bildirib ki, onlara çətinlikləri adlamaqda Amerikada yaşayan digər azərbaycanlı ailəsi — hazırda Nyu-Yorkda yaşayan Gülnarə və Ələkbər Kazımovlar kömək edib. Mahmudovlar və onların qonşuları Amerika həyatına fəhləlikdən başlayıblar. Tangiz xanım isə rusların ərzaq dükanında satıcılıq etməyə başlayıb. Əvvəllər çox çətinliyi olsa da, işin ağırlığına dözməyib xəlvətdə ağlasa da, bunu sınmasınlar deyə ailə üzvlərinə bildirməyib. Ən böyük narahatlığı isə cavan oğlundan olub. Daim fikirləşirmiş ki, Nyu-York kimi gecə həyatı olan şəhərdə oğlunun başına nəsə iş gələr. Amma oğlu evlənəndən sonra ondan da tam arxayın olub.

Tangiz xanım deyir ki, 20 ilə yaxındır orada yaşasalar da, hələ tam amerikalılaşmayıblar: "Mən sanki 2000-ci illərdə qalmışam. Ya tam amerikalı deyiləm, Azərbaycana da gedəndə görürəm ki, artıq heç azərbaycanlı da deyiləm. Elə-belə ortada dayanmışıq. Amerikada çinlilərin, ərəblərin, türklərin kompakt yaşadıqları məhəllələri vardı, azərbaycanlılar məhəlləsini də biz yaratmışıq".

Sevda Abdurahmanlı isə yaşadıqları yeri belə təsvir edir: "Bura Pensilvaniya ştatının Mehanizburq şəhəridir. Bura Stenford kortdur, daha doğrusunu desək, Şəki kortu, daha da dəqiqləşdirsək eyni nəsildən olan şəkililərin kortu. Buradakı altı evdə azərbaycanlılar qalır. Burada sıra ilə bizim, bacımgilin, xalam uşaqlarının və dayım uşaqlarının evidir. Biz qonşuluqda yaşayırıq, uşaqlarımız bir yerdə oynayır, şəhərciyimizdə daim Azərbaycan dilində danışırıq. Və burada heç kəs darıxmır".

Sevda xanım deyir ki, burada uşaqlar bir-biriləri ilə Azərbaycan dilində danışdıqları üçün dilimizi unutmurlar. Üstəlik, milli adət-ənənələrimizi də yaddan çıxarmırlar. Çalışırlar ki, ənənələrimizi yaşatsınlar və onlara qonaq gələn amerikalılara da tanıtsınlar. Ona görə də dayısıgilin bir otağını muzey kimi Azərbaycan guşəsi ediblər.

Azərbaycanlı mühacirin harayı: "Uşaqlarımı əlimdən alıb dinini dəyişdilər"

Evində Azərbaycan muzeyi yaradan Hidayət Kərimov deyir ki, onlar ABŞ-la tanışlığa Nyu-Yorkdan başlayıblar. 18 il əvvəl bura gələndə onlardan haradan gəldiklərini soruşublar. Onlar Azərbaycandan gəldiklərini deyəndə, çox adam ölkəmizi heç tanımırmış.

"Mən deyəndə ki, Azərbaycan müsəlman ölkəsidir, qəribə baxırdılar. Sonra qərara gəldim ki, bura öz ölkəmizdən nələrsə gətirim, göstərim, bizim haqqımızda normal düşünsünlər. Ona görə də hər dəfə Azərbaycana gedəndə oradan müxtəlif suvenirlər gətiririk. Buradakı əksər şeylər Şəkidən gəlib, kəlağayılar, mis qablar və s. Pensilvaniyaya köçəndə bu otağı yaratdım. Qapıdan girən kimi, giriş otağında bunu elədim ki, hər gələn görsün. Ona görə də evimizə kim girsə, maraqlanır. Biz də onlara bunların nə olduğunu başa salırıq. Onlar da istər-istəməz Azərbaycanı tanımağa başlayırlar. Başa düşürlər ki, müsəlmanlar ancaq terrorçu deyillər, onlar həm də mədəniyyəti olan insanlardır. Biz bunlarla xalqımızın sivil, normal bir xalq olduğunu göstərməyə çalışmışıq" – deyə Kərimov bildirib.

Qeyd edək ki, Aynur Talıbova artıq xeyli vaxtdır Amerikada yaşayır və hələlik geri qayıtmaq fikrində deyil. Hazırda o, daha çox bloggerliklə məşğuldur. O öz bloqunda Amerikanın ən maraqlı yerlərindən bəhs edən materiallar yayımlayır, eləcə də həmyerliləri ilə görüşlərindən bəhs edir.