İDMAN

Azərbaycan yığması Maltada xal itirdi

Millimiz zəif oyun nəticəsində ardıcıl ikinci görüşdə qələbə qazanmaq imkanından məhrum olub
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında II tur matçına çıxıb.

Sputnik Azərbaycan xəbər verir ki, milli komanda D Liqasında 3-cü qrupun oyununda Maltanın qonağı olub. Ta Qali Milli Stadionunda keçirilmiş görüş bərabərliklə nəticələnib — 1:1.

Hesabı 10-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Andrey Acus açıb. O, Bədavi Hüseynovun cərimə meydançası daxilində rəqib futbolçuya etdiyi kobudluqdan sonra penaltini dəqiq yerinə yetirib. Azərbaycan millisi bərabərlik qolunu 26-cı dəqiqədə vurub. Riçard Almeydanın vurduğu cərimə zərbəsindən sonra rəqib qapıçı Endryu Hoqq topu qaytarsa da, Təmkin Xəlilzadə təkrar zərbə ilə fərqlənib.

Təəssüf ki, Azərbaycan millisi qalib gələ bilməyib. Millimiz zəif oyun nəticəsində ardıcıl ikinci görüşdə qələbə qazanmaq imkanından məhrum olub.

Bu nəticədən sonra Azərbaycan millisi xallarını 2-yə çatdırıb. Paralel oyunda Kosovo Farer adalarını məğlub edib və 4 xalla birinci pilləyə yüksəlib. Farer adaları 3 xalla 2-ci pillədə qərarlaşıb. Millimiz 2 xalla üçüncü, 1 xala malik Malta isə sonuncudur.