BAKI, 8 sentyabr — Sputnik. Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığın potensialı sona qədər açılmayıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Moskvada Rusiya prezidenti Vladimir Putinlə keçirilən görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
"Düşünürəm ki, bizim əsas məqsədimiz bizim münasibətlərdə olan potensialı həyata keçirməkdir. Təbii ki, bizim çox yaxşı əlaqələrimiz var. Lakin mən düşünürəm ki, dayanmaq lazım deyil. Ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi-texniki, humanitar əlaqələrin möhkəmləndirilməsi sahələrində böyük potensial var", — deyə Paşinyan vurğulayıb.
O, eyni zamanda Rusiya və Ermənistan arasında əlaqələrin bundan sonra da ölkələrin maraqlarına hörmət edilməsi və daxili işlərə qarışmama prinsipləri əsasında qurulacağına ümid etdiyini bildirib.