CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan tarixinin yeni qibləgahı — Qıpcaqtəpə abidəsi

Bundan başqa, Qıpçaq kəndi ərazisində yerləşən "Sarı pir" adlı qəbiristanlıqda da tədqiqat işi aparılıb
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr— Sputnik. Qax rayonunun Qıpçaq kəndinin cənubunda, Üzümlü-Ağyazı istiqamətində olan şose yolunun Əyriçay körpüsünə çatmamış hissəsində, yerli əhali tərəfindən Əyrinin tapı (Əyriçayın təpəlikləri) deyilən ərazidə "Qıpçaqtəpə" adlı abidə aşkar olunub. Qıpçaqtəpə abidəsi 4 hektar ərazini əhatə edir.

Qıpçaqtəpə

Oğuz-Qax arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, çoxtəbəqəli abidədə aparılan arxeoloji kəşfiyyat qazıntısı zamanı abidənin üst təbəqələrinin ilk orta əsr və orta əsrlərə aid olduğu müəyyənləşdirilib: "Həmin ərazidə apardığımız tədqiqatlar göstərir ki, Qıpçaqtəpə yaşayış yeri ilk növbədə Üzümlü-Ağyazı istiqamətində olan şose yoluna yaxın hissədə olub (antik, ilk orta əsrlər və orta əsrlər), daha sonra son orta əsrlərə doğru yaşayış yeri öz ərazisini qərb istiqamətinə genişləndirib".

Qıpcaqtəpədə arxeoloji qazıntılar

Bundan başqa, Qıpçaq kəndi ərazisində yerləşən "Sarı pir" adlı qəbiristanlıqda da tədqiqat işi aparılıb: "Aparılan araşdırmalar nəticəsində məlum olub ki, XVIII-XIX əsrlərdə əhali Sarı pir adlı hissədə həyat sürüb, XX əsrdə isə hazırkı Qıpçaq kəndinin ərazisində məskunlaşıb. Qəbir daşları üzərində olan yazılardan oranın XIX əsrə aid olduğunu söyləmək mümkündür" – deyə arxeoloq əlavə edib.

Qeyd edək ki, Qıpçaqtəpə yaşayış ərazisində geniş arxeoloji qazıntı işlərinin növbəti ildə də davam etdirilməsi planlaşdırılır.