SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-ın Rusiya əleyhinə sanksiyaları Azərbaycana da toxunur

Sergey Markov İlham Əliyevlə Vladimir Putin arasında keçirilən görüşün əsas məqsədini açıqlayıb
Sputnik

BAKI, 4 sentyabr — Sputnik. Vaşinqtonun Rusiya Federasiyası əleyhinə sanksiyaları dolayı yolla Azərbaycana da təsir edir. Buna görə də, bu məsələ Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşün əsas mövzularından biri olub.

Əliyevin Soçi səfəri zamanı prezidentlərin son üç ay ərzində sayca üçüncü görüşü baş tutub. Yaxın müttəfiqlərin belə müntəzəm görüşlərinin səbəblərinə "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında rusiyalı politoloq və ictimai xadim Sergey Markov aydınlıq gətirib.

Soçidə İlham Əliyev və Vladimir Putin arasında görüş olub

Politoloq qeyd edib ki, görüşdə prezidentlər başda Ermənistan-Azərbaycan münaqişəsi olmaqla çoxsaylı məsələlərə toxunublar və əvvəlcədən hazırlanmış 10-dan çox sənədi imzalayıblar.

"Ehtimal ki, prezidentlər regional təhlükəsizlik, İran və Suriya məsələlərinə də toxunublar. Aydın məsələdir ki, əgər İrana zərbə endirilsə, vəziyyət gərginləşsə, rejim dəyişsə, regionda ciddi problemlər yaranacaq. Ona görə də nəbz yoxlaması prezidentlər üçün olduqca vacibdir" — deyə Markov bildirib.

O, həmçinin qeyd edib ki, dövlət başçıları arasında əsas müzakirə mövzularından biri də ABŞ-ın Moskvaya qarşı iqtisadi sanksiyalarıdır.

"Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və bu sanksiyalar dolası ilə Azərbaycana da toxunur. Eyni zamanda, ABŞ Türkiyə və İrana — Azərbaycanın qonşuları və tərəfdaşlarına qarşı da sanksiyalar tətbiq edib. Buna görə də o sanksiyalar Azərbaycana təsir edəcək. Bu məsələləri müzakirə etmək, sanksiyaların təsirlərini minimuma endirmək istiqamətində strategiya qurmaq vacib idi" – politoloq deyib.

Azərbaycan və Rusiya münasibətlərinə gəlincə, politoloq əmindir ki, qarşıda ciddi problemlər və təhlükələr yoxdur. Markovun fikrincə, ölkələr arasındakı münasibətlər bir çox səviyyələrdə, eləcə də prezidentlər səviyyəsində inkişaf edir. Onların əla münasibətləri var. Eyni zamanda biznes, cəmiyyət səviyyəsində də münasibətlər inkişafdadır. Hər iki ölkədə diasporlar özlərini möhtəşəm hiss edirlər.

"Rus dili Cənubi Qafqaz ölkələri içərisində ən çox Azərbaycanda inkişaf edir. Biz bunu başa düşür və qiymətləndiririk. Bütün bunlar həm də strateji tərəfdaşlıq adlanır" — deyə Markov əlavə edib.

Son zamanlar Azərbaycanda aktual olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı müzakirələrə gəlincə, politoloq deyib ki, Rusiya Azərbaycanın təşkilatda əvvəlcə müşahidəçi, sonra isə tərəfdaş olmasını gözləyir.