BAKI, 24 avqust — Sputnik. Rusiyanın xalq artisti Anna Netrebko həyat yoldaşı, Azərbaycanın xalq artisti Yusif Eyvazova Avstriyada plov bişirib. Sonra artist bu plovun görüntüsünü və reseptini izləyiciləri ilə bölüşüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, artist bu barədə özünün Instagram-dakı hesabında məlumat yayıb. O, hazırladığı yeməyin video və fotosunu öz hesabına yerləşdirərək, hamının Qurban bayramını təbrik edib.
Netrebko plovu öz əlləri ilə ona görə hazırlayıb ki, ərinə Qurban bayramında sürpriz eləsin. Müğənni Azərbaycan mədəniyyətini və mətbəxini dəlicəsinə sevdiyi üçün vaxtaşırı məşhur milli yeməklərimizi öz menyusuna əlavə edir.
Netrebkonun əri Yusif Eyvazov bir sıra beynəlxalq müsabiqələrin laureatı və qalibidir. Onun qazandığı mükafatlar arasında Gianandrea Gavazzeni (dünya şöhrətli italyan dirijoru, pianoçusu, bəstəkarı, musiqi tənqidçisi və yazıçısı — red.) fəxri medalı da var. O, Milanın "La Skala" operasının və Monte-Karlonun "Kral" operasının kollektivləri ilə birlikdə dünya səhnələrini işıqlandırır.
Anna Netrebko müasir Rusiya tarixinin ən istedadlı opera müğənnilərindən biridir. O, "Ruslan və Lyudmila", "Boris Qodunov", "Sevilya bərbəri", "Çar gəlini", "Don Juan", "Riqoletta", "Bohema" və bir sıra digər operalarda möhtəşəm ifaları ilə şöhrət qazanıb. 2002-ci ildə Mariinsk teatrının heyətinin tərkibində Metropolitan Operasının səhnəsində "Hərb və Sülh" əsərindən oxuduğu parçalar geniş rezonans doğurub və ona dünya şöhrəti qazandırıb. Bundan sonra Netrebko dünyanın bir çox ölkəsində ən müxtəlif səhnələri bölüşüb.
Anna Netrebko və Yusif Eyvazov 2015-ci ildə ailə qurublar.