HADİSƏ

Yer altında oğurluq baş verdi

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb
Sputnik

BAKI, 20 avqust — Sputnik. Avqustun 17-də saat 23 radələrində metronun "N.Nərimanov" stansiyasının platformasında qaçan iki nəfər orada xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb etdiyindən, onlar şübhəli şəxs qismində saxlanılaraq Metropolitendə Polis Şöbəsinə gətirilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bakıda böyük oğurluq oldu, cinayərkarlar mənzili silib-süpürdülər

Bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Tamerlan Əliyev və Nərminə Abbasova olmaları müəyyən edilib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar Masallı rayon sakini olan bir nəfərin, içərisində 71 manat və bank kartları olan pul kisəsini soyğunçuluq yolu ilə alıb aradan çıxmaq istəyirmişlər.

Onların üzərlərinə şəxsi axtarış keçirilən zaman T.Əliyevdən şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroin, Nərminə Abbasovanın üzərindən isə başqa bir şəxsə məxsus pulqabı aşkar edilərək götürülüb.

Əməliyyat tədbirləri ilə o da müəyyən edilib ki, N.Abbasova həmin pulqabını Nərimanov rayonu ərazisindəki mağazaların birində paytaxt sakini olan bir qadından oğurlayıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.