"Xəzər beşliyi" doğrudanmı Xəzəri bölüşdürə bilib?!

Araşdırmaçıları Xəzərin statusu ilə bağlı belə bir sual düşündürür : Ortaq məxrəcə gəlmək mümkün oldumu?
Sputnik

BAKI, 16 avqust — Sputnik. Avqustun 12-də Aktauda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin timsalında "Xəzər beşliyi" Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıb.

Dövlətlərin qarşısında duran əsas məsələ bu idi: dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasının müddəaları Xəzərə şamil edilsin, yoxsa, transsərhəd göllərin barəsində mövcud yanaşmadan istifadə edilsin. Sonda qərara alınıb ki, su səthinin əsas sahəsi tərəflərin ümumi istifasində qalır, dənizin dibinin və təkinin barəsində beynəlxalq hüquq əsasında razılaşmaya görə onların sektorlara bölünməsini nəzərdə tutan prinsip tətbiq ediləcək. Konvensiya fundamental müddəaların yazıldığı normativ bazadan ibarətdir, ancaq detallara varılmır. Bu baxımdan araşdırmaçıları belə bir sual düşündürür – ortaq məxrəcə gəlmək mümkün oldumu?

İmzalanma mərasimindən öncə jurnalistlərin qarşısında çıxış edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib: "Bu gün bütün dünyanın qarşısında biz deyirik ki, Aktauda birgə iş nəticəsində ümumi məxrəcə və qarşılıqlı anlaşmaya gəlmək mümkün oldu". Lakin onun həmkarı, İran prezidenti Həsən Ruhani qeyd edib ki, "bölünmə sahəsində danışıqlar davam etdirilməlidir". Onun sözlərinə görə, Xəzərin dibinin və təkinin bölünməsi zamanı yekun xətlərin çəkilməsi və təyin edilməsi metodunun müəyyən edilməsi" məsələsində dəqiqlik lazımdır. Bu məsələ ilə bağlı qarşılıqlı anlaşmaya nail olmaq üçün beş ölkə arasında ayrıca sazişlər hazırlanmalıdır. 

İlham Əliyev Aktau sammitində çıxış edib

İmzalanmış Konvensiyaya əsasən sənədi imzalayan dövlətlərin hər birinin ərazi sularının uzunluğu 15 dəniz milini (28 kilometrə yaxın) ötməməlidir, ona yaxın balıqçılıq zonası 10 mil (19 kilometrə yaxın) olmalıdır. Dənizin dibinə gəlincə, perimetr boyunca ayrı-ayrı sektorlardan təhlükəsizlik zonası müəyyən etmək mümkündür ki, bu da 500 metrdən çox olmayacaq. Hələ beş Xəzəryanı dövlət həmin sektorların dəqiq sərhədləri ilə bağlı razılaşma əldə etməlidir.

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov bununla əlaqədar xarici işlər nazirlərinin himayəsilə müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmini təklif edib.

Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı irəli sürülən mövqe də Azərbaycanın yanaşmasına yaxındır. Nümunə kimi vaxtilə Azərbaycanın Rusiya və Qazaxıstanla imzaladığı sənədlərdə ifadə edilən prinsiplər əsas götürülür. Belə ki, Xəzərin dibinin orta xətt prinsipi əsasında bölünməsi gözlənilir. Azərbaycan prizmasından çox vacib məsələlərdən biri də boru xətləri ilə bağlıdır. İndiyə qədər hər hansı bir ölkənin Xəzərin dibi ilə kəmər çəkməsi üçün 5 dövlətin hamısının konsensusu lazım idi. Lakin Aktauda imzalanan konvensiyada məsələ belə qoyuldu ki, kəmər hansı sektorlardan keçəcəksə, o sektor sahibi olan dövlətlərin arasında razılıq olmalıdır. Məsələn,Türkimənistan Azərbaycan sektoru vasitəsilə Avropaya qaz nəql etmək və transxəzər boru xətti çəkmək istədiyi halda, iki dövlət razılıq əldə edəcək. Başqa sözlə, Rusiya, Qazaxıstan və İrandan razılıq almağa ehtiyac yoxdur. Sadəcə, Azərbaycan və Türkmənistan kəmər məsələsini razılaşdırdıqlarını digər dövlətlərə bildirməlidir.

Lakin Xəzərin statusu hələ tam müəyyənləşməyib. Bununla bağlı hüquqi bir müstəvi yaradılıb və bu irəliyə doğru atılmış bir addımdır. Xəzərin statusu onun təbii sərvətlərindən istifadə baxımından Xəzəryanı dövlətlərə hüquqlar müəyyən etmək üçün konkret rəqəm gətirir. Lakin İranla və Türkmənistanla olan fikir ayrılığına son qoyulmayıb. Xüsusilə İranla olan məsələdə anlaşmazlıq hələ də qalır.

Dəniz dibinin sektorlara bölünməsi prinsipi ilə baxsaq, burada daha çox Qazaxıstan və Azərbaycan qazanacaq. Çünki onların sektoru neft və qazla daha zəngindir. Regional təhlükəsizliyin təmin edilməsi baxımından qazanan tərəf regionda təhlükəsizliyi yalnız Xəzəryanı dövlətlərin edə biləcəyi fikrində israrlı olan Rusiya və İran oldu. Rusiya və İran Xəzərsahili ölkələrdən başqa bu hövzədə digər ölkələrin hərbi bazalarının və güclərinin olmasını istəmirdilər. Son sənəddə bu təsbit olundu, digər ölkələr Xəzərdə hərbi güclər yerləşdirə bilməyəcək. Bir sözlə, imzalanmış sənəd aralıq müddət üçün nəzərdə tutulub. Müzakirələr isə hələ davam edəcək…