HADİSƏ

Sarkisyanın Lotu Qulini öldürtmək planının təfərrüatı: Onların nə maraq toqquşması var?

Azərbaycanlı "qanuni oğru" yaxın zamanlarda İspaniyaya köçməyi planlaşdırmır
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Avropa ölkələrinin polisi kriminal avtoritet "ov"unu gücləndirib. Ukrayna hökuməti isə, "qanuni oğru"ların sayını 30 göstərməklə yanlışlığa yol verir.

Bunu Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın olan moskvalı mənbə, Ukrayna Milli Polisinin rəhbərinin müavini Vyaçeslav Abroskinin verdiyi məlumatı şərh edərkən deyib. Qeyd edək ki, Abroskin özünün "Facebook" səhifəsində yazıb ki, güc strukturları kriminal avtoritetlərin "sxodka"sında iştirak edən 30-dan artıq adamı saxlayıb.

Kriminal avtoritetin öldürülməsi kameralara düşdü - VİDEO

Məlumata görə, Kirovoqrad vilayətində yerli kriminal avtoritetlərin "sxodka"sı baş tutub. Elə həmin vaxt polis reyd keçirib. Sözügedən görüşün keçirilməsinə səbəb Sverdlovskiyə "nəzarət" edəcək şəxsin təyin olunması və mübahisəli məsələlərin həlli olub. "Sxodka"ya "Xoxol" ləqəbli "qanuni oğru" başçılıq edirmiş.

Ukraynanın daxili işlər naziri Arsen Avakovun sözlərinə görə, Ukraynada azı 80 "qanuni oğru" fəaliyyət göstərir. Daxili İşlər Nazirliyi kriminal avtoritetlərin fəaliyyətinə qarşı qanun qəbul etməkdə israrlıdır. Mövcud Ukrayna qanunvericiliyi yalnız həmin şəxslərin ölkədən məcburi deportasiyasını təmin edir.

Lakin moskvalı mənbə Ukrayna Milli Polisinin rəhbərliyinin ölkə ərazisindəki "qanuni oğru"ların sayı ilə bağlı verdiyi informasiyanın həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, əslində Ukraynada "qanuni oğru"ların sayı 30-dan azdır.

Mənbə, eyni zamanda dünya KİV-lərinin ispan polisinin Marbelyada keçirdiyi xüsusi əməliyyatı da şərh edib. Həmin əməliyyat nəticəsində rus mafiyasının 3 kriminal avtoritetinin saxlanıldığı bildirilir.

Həmin məlumata görə, sözügedən "qanuni oğru"lar avtoritet Merab Canqveladzenin klanından olan Artyom Sarkisyan (Artyom Saratovski), Laşa Barateli (Çia) və İrakli Pipiya (İka Suxumski) olublar. Onlar "Avropa obşakı" adına iddia edən rəqib klanın nümayəndələrinin aradan götürülməsini müzakirə etmək üçün restorana toplaşıblar.

Saxlanılan avtoritetlərin evindən Ukrayna və Polşa vətəndaşlarına məxsus saxta pasportlar tapılıb. Onların hər üçü İspaniya ərazisinə sözügedən pasportlarla daxil olub.

Bəzi məlumatlara görə, hazırda azərbaycanlı "qanuni oğru" Nadir Səlifov (Lotu Quli) "Avropa obşakı"na nəzarəti ələ keçirməyə səy göstərir və bu məqsədlə də yaşamaq üçün İspaniyaya köçmək niyyətindədir. Bir sıra KİV-lər bundan çıxış edərək o qənaətə gəliblər ki, Marbelyada saxlanılan kriminal üçlük məhz Səlifovu fiziki cəhətdən aradan götürməyi müzakirə ediblər.

Lakin mənbə qeyd edib ki, Quli Türkiyədə yaşamağa davam edir və yaxın zamanlarda İspaniyaya köçməyi planlaşdırmır. Sarkisyanın Səlifova qarşı danışıqlarda iştirak etməsinə gəlincə, mənbə bildirib ki, Artyom Saratovski Quliyə qarşı dayanacaq səviyyədə deyil və onların maraqları da heç yerdə kəsişmir.