Trampın "ulduzu" sönmək üzrədir

ABŞ-da Qərbi Hollivud Şəhər Şurası "Şöhrət xiyabanı"ndan prezident Donald Trampın ulduzunun götürülməsi barədə qərar qəbul edib
Sputnik

BAKI, 7 avqust — Sputnik. ABŞ-da Qərbi Hollivud Şəhər Şurası "Şöhrət xiyabanı"ndan prezident Donald Trampın ulduzunun götürülməsi təklifini səsverməyə çıxarmaq qərarına gəlib.

Sputnik AzərbaycanABŞ mediasına istinadla xəbər verir ki, belə bir təşəbbüslə şəhər meri Con d'Amiko (John D'Amico) və Şəhər Şurasının üzvü Lindsi Horvat (Lindsey Horvath) çıxış edib. 

Tramp Putinə etdiyi güzəştlər barədə danışdı

Onlar Trampın "qadınlara qarşı narahatlıq doğuran davranışları və digər əməllərinə" görə onun "Şöhrət xiyabanı"ndakı ulduzunu götürməyə çağırış ediblər.

Səsvermədən əvvəl açıqlama verən Qərbi Hollivud Bələdiyyə Şurası bildirib ki, ABŞ-ın film sənayesi əyləncə sektorundakı bəzi şəxslərin qadınlara qarşı davranışlarını izləyir. Beş nəfərdən ibarət Şəhər Şurasının bütün üzvləri Trampın ulduzunun götürülməsinin lehinə səs veriblər.

Trampın ulduzunun götürülməsi üçün digər səbəblər də sadalanıb. Bunların arasında Trampın Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlı Amerika kəşfiyyatının iddialarını rədd etməsi, ölkənin imzasını Paris İqlim Sazişindən geri götürməsi, trans şəxslərə əsgərliyi qadağan etməsi, ABŞ-Meksika sərhəddində mühacir ailələri bir-birindən ayırması da var.

İndiyə qədər "Şöhrət xiyabanı"ndan heç kəsin ulduzu götürülməyib. Hollivud Ticarət Palatası adları cinsi təcavüz iddialarına qarışan aktyorlar — Kevin Speysi (Kevin Spacey) və Bill Kosbinin (Bill Cosby) ulduzlarının götürülməsi ilə bağlı çağırışları rədd edib. 

Ailəmizi təhdid edirlər – Trampın oğlu şikayətləndi

Hollivud Ticarət Palatasının icraçı direktoru Leron Gubler deyib ki, "Xiyabana daha bir ulduz əlavə edildikdə, o, artıq "Şöhrət xiyabanı"nın bir parçası olur. Bu səbəbdən də indiyə qədər xiyabandan heç bir ulduzu götürmədik".

Trump "Şöhrət xiyabanı"ndakı ulduzu 2007-ci ildə "Kainat Gözəli" müsabiqəsinə yardım göstərdiyi üçün qazanıb. O, ABŞ prezidenti seçiləndən sonra, ulduzu dəfələrlə hücuma məruz qalıb. Sonuncu dəfə keçən ay 24 yaşlı Austin Mikel Kley adlı bir amerikalı çəkiclə Trampın ulduzuna zərər vermişdi. Ondan bir qədər əvvəl isə həmin ulduzun həndəvərində sovet hərbi forması geyinmiş iki nəfərin dolaşdığı iddia olunurdu.

"Şöhrət xiyabanı"nda 2600-dan çox adama aid ulduz var.