Paytaxt sakinlərinə müjdə: Prezidentin tapşırığının icrasına başlandı

Məqsəd paytaxtın infrastrukturunu daha da təkmilləşdirərək yeniləşdirmək, şəhəri daha da gözəlləşdirməkdir
Sputnik

BAKI, 7 avqust — Sputnik. Bakı şəhərində sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə başlanıb. Bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib.

Abadlığın arxasında gizlənmiş bərbad mənzərə

O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) daxıl olan məlumata görə, ölkə başçısının tapşırıqlarına uyğun olaraq paytaxtın bütün rayonlarında sosial əhəmiyyətli, sakinlərin məişət şəraitinin, yaşayış və istirahətinin yaxşılaşdırılmasına yönəldilən layihələrin icrasına başlanıb.

"İlk növbədə çoxmənzilli yaşayış binalarının girişlərinin, ümumi istifadə yerlərinin, fasadların təmiri, yeni abad həyət və məhəllələrin yaradılması, burada vətəndaşların istirahəti üçün müvafiq şərait yaradılaraq onların yeni səviyyəyə çatdırılması işləri aparılır. Əsas məqsəd paytaxtın infrastrukturunu daha da təkmilləşdirərək yeniləşdirmək, şəhərimizi daha da gözəlləşdirməkdir. Görülən işlərə nəzarət Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir" — deyə İ.Kərimov vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.