BAKI, 6 avqust — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqladığı 100 günlük planda polietilen torbaların pulla satılması məsələsinin həyata keçirilməsi də yer alıb. Əslində qardaş ölkədə marketlərdə içinə satılan malların yığıldığı və pulsuz olaraq alıcılara təqdim edilən polietilen torbalar bu il yanvarın 1-dən etibarən pullu olmalı idi. Lakin həmin qərarın icrası 1 il sonraya — 1 yanvar 2019-cu ilə qədər təxirə salınmışdı.
Sputnik AzərbaycanTürkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan yeni prezidentlik dönəminin ilk 100 günündə həyata keçirəcəyi işlərin planını əhaliyə açıqlayıb. O planda ətraf mühitin qorunması tədbirləri çərçivəsində marketlərdə polietilen torbaların pulla satılması da yer alıb. Bu prosesə oktyabr ayının sonlarında start vermək qərara alınıb.
Bu addım Avropa Birliyi qarşısında götürülmüş ətraf mühitin mühafizəsi öhdəlikləri ilə bağlıdır. Həmin öhdəliklərin yerinə yetirilməsi məqsədilə Ətraf mühit və Şəhərsalma Nazirliyi nəzdində yaradılan Qablaşdırma Tullantılarına Nəzarət İdarəsi ötən ilin dekabrında "Rəsmi Qəzet"də bu barədə elanını yerləşdirmişdi. Həmin elana görə, polietilen torbalar və plastik qablaşdırmalar satış məntəqələrində istehlakçıya pulsuz verilməyəcək. Eyni zamanda qablaşdırmanın pulsuz həyata keçirilməsi hər hansı kampaniyaya daxil edilməyəcək. 15 mikronla (mikrometr) 50 mikron arası qalınlıqda olan polietilen paketlər market kassalarında alıcıya pulla veriləcək. Qalınlığı bundan az və çox olan paketlər isə əvvəlki qaydada pulsuz olacaq.
Bir paket təbiətdə 100 ildən çox müddətdə qalır. Bu, ətraf mühitə öz mənfi təsirini göstərir. Odur ki, dünyanın yaşıl hərəkatları polietilen torbaların intensiv olaraq təbiətə atılmasını azaltmaq məqsədilə onun marketlərdə pulsuz verilməsinə qarşı kampaniyaya başlayıblar. Bu kampaniya həm yer kürəsini çox sayda nəzarətsiz qalan və təkrar emala getməyən polietilen tullantıları yükündən qismən azad edəcək, həm də xeyli istehsal və satış müəssisələri pulsuz qablaşdırma üçün xərclənən vəsaitdən azad olacaq. İstehlakçıların bundan sonra artıq pul ödəməmək üçün marketlərə özləri ilə alternativ daşıma vasitəsi aparacaqları ehtimal edilir.