HADİSƏ

"Qanuni oğru"lar arasında böyük hesablaşma: Məşhur avtoritetin "tacı" geri alındı

Azərbaycanlı avtoritet Şakro Molodoyun almaz milyonlarının mənimsənilməsinin şahidi olub
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. Moskvada azərbaycanlı "qanuni oğru", kriminal dairələrdə "Diplomat Vaqif" adı ilə məşhur olan Süleymanov Vaqif Mədət oğlu "Ded Xasan"ın (Rusiya mafiyasının mərhum "xaç atası" Aslan Usoyan) "xaç oğlu", 42 yaşlı Suren Tavadovun ("Surik Əndicanski") Rusiya mafiyasının "xaç atası" Zaxari Kalaşova ("Şakro Molodoy") kələk gəldiyinin şahidi olub.

Kriminal avtoritetin öldürülməsi kameralara düşdü - VİDEO

Krimnal dairələrdən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, "Surik Əndicanski" onun "qanuni oğru" titulunun əlindən alınmasında xidmətləri olan Şakronun bir neçə milyonunu mənimsəyib.

Əvvəllər Tavadovu "qanuni oğru" hesab etmirdilər. Çünki o, Aslan Usoyan tərəfindən digər avtoritetlərin rəyi nəzərə alınmadan "taclandırılmışdı". Bundan əlavə, Tavadov heç vaxt oğrular arasındakı mübahisələrin həllində iştirak etməyib, yalnız öz ciblərini doldurmaqla məşğul olub.

Bu günlərdə Moskvadakı restoranlardan birində Tavadovla görüş təyin edilib. Görüşdə, həmçinin "Diplomat Vaqif" və Elquca Turkadze ("Quca Kutaisski") də iştirak edib. Avtoritetlər Əndicanskiyə Şakronun ona qarşı iradlarını çatdırıblar. Mafiyanın "xaş atası" Tavadova xəbər yollayıb ki, mənimsədiyi milyonları sahibinə qaytarsın.

Söhbət Şakroya çatacaq olan, lakin Tavadov tərəfindən mənimsənilən almaz milyonlarından gedir. Elə buradaca Əndicanskiyə artıq "qanuni oğru" olmadığı elan edilib.

Kriminal dairələrdəki mənbənin verdiyi məlumata görə, Surik almaz biznesi ilə məşğul olan yəhudilərdən bir neçə milyon dollar alıb. Bu pullar Şakro üçün nəzərdə tutulsa da, öz ünvanına gedib çatmayıb.

Zaxari Kalaşov Avropa ölkələrindəki almazın cilalanması üzrə zərgərlik evlərinin səhmlərinin 50%-nin sahibidir. Bir sıra məlumatlara görə, Kalaşov bu biznesi hazırda mənzil-qərargahı Belçikada yerləşən tanınmamış İçkeriya Respublikasının (Çeçenistan) mərhum vitse-prezidenti Vaxa Arsanovun qardaşı Taxa Arsanovun köməyi ilə qurub.