BAKI, 2 avqust — Sputnik. ABŞ Maliyyə Nazirliyi, Türkiyədə ev dustaqlığında olan ABŞ vətəndaşı rahib Endryu Bransonla bağlı Türkiyə daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdülhamit Gülə qarşı sanksiya tətbiq etmə qərarı aldığını açıqlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Ağ Evin sözcüsü Sara Sanders, keçirdiyi toplantıda Türkiyəyə qarşı tətbiq edilən sanksiyalardan danışıb. O açıqlamasında,"Türkiyə daxili işlər və ədliyyə nazirlərinə qarşı sanksiya tətbiq ediləcək" ifadəsini işlədib. Sanksiyanın səbəbi bu şəxslərin rahib Bransonun həbs edilməsindəki rollarıdır.
Sanksiyalarla sözügedən nazirlərin ABŞ-a girişi qadağan ediləcək. Ağ Ev sözcüsü daha artıq məlumat üçün Maliyyə Nazirliyinə müraciət edilməsini xahiş edib.
Bunun ardınca isə ABŞ maliyyə naziri Stiven Mnuçin bu məsələ ilə bağlı bəyanat verərək "rahib Bransonun Türkiyədə istintaqa cəlb edilməsinin yolverilməz olduğunu" bildirib.
Türkiyə tərəfinin bu bəyanatlara cavabı özünü çox gözlətməyib. Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın sanksiyalar barədə aqressiv bəyanatlarına qarşı hər cür tədbirləri görməyə hazır olduqlarını bildirib.
"Şübhəsiz ki, bu qərar hüquq və ədalət prinsiplərinə, ABŞ-Türkiyə münasibətlərinə ziddir", bəyanatda deyilir.