CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik: İşsiz vətəndaşlara sığorta haqqı ödənilməlidir

Əmək müqaviləsinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış şəxslər azı 3 il sığorta stajına malik olduqda onlar sığorta ödənişini ala bilərlər
Sputnik

BAKI, 31 iyul — Sputnik. Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyatı rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslər işsizlikdən sığorta ödənişini almaq hüquqlarına malikdirlər. Lakin bir sıra hallarda onlar bu hüquqları barədə məlumatsız olduqları üçün həmin sığorta ödənişini almaq üçün müraciət etmirlər.

Müxtəlif ölkələrdə işsizlik səviyyəsi

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi müəssisələrin işəgötürənləri də bu barədə məlumatlı olmadıqlarından qeyd olunan səbəblərdən işini itirmiş şəxsləri aidiyyatı üzrə məlumatlandırmırlar.

ƏƏSMN işsiz şəxslərə, habelə işəgötürənlərə müraciət edərək bildirir ki, 2018-ci ilin yanvar ayının 1-dən qüvvədə olan "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanunu dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının (və ya ştatların) ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış sığortaolunanlara işsizlikdən sığorta ödənişini almaq hüququ verir.

"Həmin səbəblərdən əmək müqaviləsinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış şəxslər azı 3 il sığorta stajına malik olduqda onlar sığorta ödənişini ala bilərlər" — deyə nazirlik diqqətə çatdırır.

İşini itirdiyi günədək, yəni işsizliyin başlanmasından əvvəlki 24 ay ərzində 12 aydan çox sığorta stajı olan əmək qabiliyyətli şəxslərə itirdikləri orta aylıq əməkhaqqının:

— sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faizi,

— sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faizi,

— sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faizi

qədər işsizlikdən sığorta ödənişi təyin olunur.

İşsiz vətəndaşların sosial müdafiəsinə yönəlik mühüm addım atılır

İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:

— ilk 2 təqvim ayı üçün – 100 faiz;

— 3–4-cü təqvim ayları üçün – 80 faiz;

— 5–6-cı təqvim ayları üçün – 70 faiz.

İşsizliyin başlanmasından əvvəlki 24 ay ərzində 12 aydan az sığorta stajı olan əmək qabiliyyətli şəxslərə isə 3 ay müddətinə minimum sığorta ödənişi (aylıq 130 manat) təyin edilir. Eyni zamanda, təkrar müraciət zamanı da minimum sığorta ödənişi ödənilir.

İşsizlikdən sığorta ödənişi almaq hüququ olanlar qeydiyyatda olduqları rayon (şəhər) üzrə Məşğulluq Mərkəzinə müraciət edə bilərlər.