TƏHLİL

Merkelin çox şey vəd edən səfəri: Gözləntilər reallaşacaqmı?

Almaniya da daxil olmaqla, böyük dövlətlər Cənubi Qafqaz siyasətlərində əsas məqamı – təcavüzkara təsir etməyi düşünmürlər
Sputnik

Almaniyanın kansleri Angela Merkel bölgəyə səfərə gəlir. Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində avqustun 23-də Gürcüstanda, 24-də Ermənistanda, 25-də isə Azərbaycanda olacaq. O, ölkə rəhbərlikləri ilə görüşlər keçirəcək.

Angela Merkelin Cənubi Qafqaza gözlənilən səfərinə indidən ciddi reaksiyalar verilir. Bu səfər Qarabağ probleminin həllinə az və ya çox nə isə verə bilərmi? Vurğulayaq ki, Almaniyanın Qarabağ danışıqlarında vasitəçi olması ideyasını Bakı həmişə dəstəkləyib. Lakin kənar bir ölkənin danışıqlarda təşəbbüsü ələ ala bilmə ehtimalı olduqca kiçikdir. Qarabağ danışıqları Rusiya-ABŞ münasibətlərindən və bu iki ölkənin Suriya, İran, Ukrayna məsələsindəki mövqelərindən daha çox asılıdır. Bu baxımdan, Merkelin və yaxud başqa bir liderin bölgəyə səfəri münaqişənin həllinə ciddi təsir göstərə bilməz. 

Rəsmi Bakı işğal edilmiş ərazilərini azad etmək niyyətindədir – NATO ilə və NATO-suz...

Digər tərəfdən, Almaniya Minsk Qrupunun üzvüdür. Amma o da bəllidir ki, Minsk Qrupundan problemlə daha çox üç dövlət-Rusiya, ABŞ və Fransa məşğul olur. Bu üç sadalanan dövlət, təəssüf ki, Ermənistana münasibətdə tamam neytral sayılmır. Bu baxımdan, vasitəçi ölkələrin sayının artırılmasını təklif etmək daha məqbul variant hesab oluna bilər. Qeyd edək ki, həmsədrlərin sayının artırılması ATƏT-in Budapeşt sammitindən başlandı. O vaxt Rusiya ikinci həmsədr oldu. Daha sonra isə həmsədrlərin sayı üçə çatdırıldı. Prinsipcə, bu proses davam edə bilər. Elə Ukrayna prosesinin nizamlanması da göstərir ki, geniş siyasi formatlar da mümkündür. Burada əsas məsələ Almaniyanın iddialarından asılı olacaq. Onu da qeyd edək ki, Merkel öz dövlətinin "passiv iqtisadi donor" statusu ilə barışmaq istəmir. Əslində əvvəlki alman liderləri də regional və qlobal məsələlərdə heç də az təsirli deyildilər. Amma Merkel onların hamısından fəal görünür, həm də bir qədər əvvəldə qeyd etdiyimiz kimi, indi elə bir vaxtdır ki, buna şərait və ən başlıcası isə imkan yaranıb.

Azərbaycan üçün əsas odur ki, Almaniya bu məsələdə daha çox ərazi bütövlüyü prinsipindən çıxış edir. ATƏT-in həmsədrləri ilə bağlı fikir mübadiləsi aparıldıqda Azərbaycan, əslində, Almaniyanı həmsədr kimi görmək istəyirdi. Yəni Almaniyanın baxışı Bakı üçün müsbətdir. Bu gün Almaniya müxtəlif münaqişələrin həllində, onlara münasibətdə daha fəaldır və mövqeyi nəzərə alınan dövlətlərdən biridir.

İstənilən halda, Qarabağ münaqişəsinin həlli üzrə əsas beynəlxalq qurum ATƏT-in Minsk qrupudur və Almaniya da bu qrupun üzvüdür. Bu baxımdan da Merkelin bölgəyə səfərinin münaqişənin həllinə töhfə verəcəyi istisna deyil.

Bu gün istər Qərb, istərsə də Rusiya tərəfində belə bir fikir yaranıb ki, münaqişəni həll etmək lazımdır. Əks halda bunun indikindən daha ağır fəsadları ola bilər. Almaniyanın ABŞ və Rusiya ilə yaxşı münasibətlərinin olması onun münaqişənin həllində nizamlayıcı rolunu bir qədər də artırır. 

Yoxa çıxan eyforiya: Paşinyanın ağ bayraq qaldırmaqdan başqa çıxış yolu qalmayıb

Qərblə Rusiya arasında problemlər olmasına baxmayaraq, Almaniya Rusiya ilə münasibətləri saxlamağı bacarır.

Almaniya təkcə münaqişənin həllində müşahidəçi kimi yox, həm də münaqişənin həllində iştirak edən tərəflər arasında da vasitəçilik kimi bir missiya həyata keçirə bilər. Hər halda bölgəyə səfər edən Merkelin çantasında hansısa qovluqlar gizlənir.

Burada bir məqam da ondan ibarətdir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanın işğalçılığı birmənalı şəkildə pislənilmir. Almaniya da daxil olmaqla, böyük dövlətlər Cənubi Qafqaz siyasətlərində əsas məqamı – təcavüzkara təsir etməyi düşünmürlər. Bu, münaqişələrin həllini çıxılmaza salır və bütövlükdə regionun geosiyasi mühitində gərginlik yaradır. Belə bir vəziyyətdə hansısa geosiyasi gücün regiondakı tam üstünlüyündən danışmaq çox çətindir.

Azərbaycan istər yaxın qonşuları, istərsə də Avropa ölkələri ilə normal münasibətlərin qurulmasında maraqlıdır. Odur ki, Merkelin dilindən işğalçının ünvanının dəqiq göstərilməsi daha ədalətli olardı. Dünya ölkələri bölgənin inkişafına ciddi şəkildə əngəl olan İrəvanın nazı ilə oynamalı deyillər, əksinə, işğalçını aqressiv siyasətindən əl çəkməyə vadar etməlidirlər…