İDMAN

Prokurorluqdan Ronalduya bəd xəbər gəldi

"Yuventus" klubunun yeni hücumçusu Kriştianu Ronaldu 3,2 milyon avro cərimələnəcək və onu vergidən yayınmağa görə iki illik həbs cəzası gözləyir
Sputnik

BAKI, 27 iyul — Sputnik. İtaliya Turininin "Yuventus" klubunun yeni hücumçusu Kriştianu Ronaldu 3,2 milyon avro cərimələnəcək və onu vergidən yayınmağa görə iki illik həbs cəzası gözləyir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Reuters-ə İspaniya prokurorluğundan məlumat verilib.

Bununla belə, portuqaliyalı futbolçu İspaniya qanunlarına görə, həbsxanada oturmalı olmayacaq. Onun cəzası iki illik şərti cəza ilə əvəzlənəcək.

Cərimə ilə yanaşı futbolçu vergi orqanlarına vurduğu 5,7 milyon avro dəyərində zərəri də ödəməli olacaq. Portuqaliyalı futbol ulduzu ona hesablanmış milyon avro vergi faizini və iki illik həbs müddətinin hər günü üçün 250 avro ödəməlidir.

Ronaldunun İspaniya hökumətinə ödəyəcəyi vəsaitin ümumi həcmi 19 milyon avroya yaxındır.

Ötən ilin iyulunda keçirilən məhkəmə iclasında futbolçu demişdi ki, heç vaxt heç nəyi gizlətməyib və vergi ödəmələrindən də qaçmağa cəhd etməyib.

Bu yaxınlarda Ronaldu Madridin "Real" klubundan Turinin "Yuventus" klubuna transfer edib.