TƏHLİL

Ermənilərin böyük dayağı yıxılmaq üzrədir

Ermənistan müstəqil dövlət olmaq şansını itirdiyi kimi, lobbi vasitəsilə dünya siyasətinə təsir imkanlarını da itirir
Sputnik

BAKI, 25 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutan görüşün əks-sədası hələ də səngimir. Günlər getdikcə Qərb KİV-də bu görüşə dair yeni məlumatlar ortaya çıxır.

Donald Tramp erməni lobbisini sıxışdırmağa başlayıb

Baş verən prosesləri Sputnik Azərbaycan-a şərh edən amerikalı politoloq Piter Teys hazırda ABŞ-da ciddi bir dəyişim getdiyinə də toxunub. O bildirib ki, hazırda Ağ Ev müxtəlif lobbi qruplarının təsirini azaldacaq qanun layihələri qəbul edir. Prezident Trampı erməni lobbisi də daxil olmaqla, bir sıra müxtəlif lobbi qruplarının ABŞ Konqresi və icra orqanlarına təsirinin azaldılması istiqamətində gördüyü işlərə görə alqışlamaq lazımdır.

Nəzərə alsaq ki, prezident Tramp yəhudi iş adamları ilə sıx bağlıdır və əslində onların istəyini nəzərə alır, bu addımdan daha çox erməni lobbisinin ziyan görəcəyini ehtimal edə bilərik. Vurğulayaq ki, Tramp ABŞ prezidenti seçildikdən sonra Birləşmiş Ştatlardakı erməni lobbisinin maraqları müəyyən mənada zərbələr almağa başladı.

Məsələ ondadır ki, Tramp erməni diasporunun pullarından asılı vəziyyətdə deyil. Trampın özü milyarderdir və onun iş ortaqları ermənilər deyil. O, öz seçki kampaniyasını kənar ianə və sərmayə cəlb etmədən, özü maliyyələşdirib. Erməni lobbisi Trampın seçkilərində heç bir rola malik olmayıb. Ona görə də Ağ Evin sahibi özünü erməni lobbisinə borclu hesab etmir.

Bu mənada Tramp ABŞ-ın ilk prezidentidir ki, bu ölkədəki erməni diasporu onun üzərində heç bir təsirə malik deyil. Bu da öz növbəsində, şübhəsiz ki, Amerikadakı erməni lobbisinin ciddi məğlubiyyəti kimi qəbul edilir. Bu baxımdan, ehtimal edə bilərik ki, ABŞ-ın xarici siyasətinə Amerika erməni lobbisinin təsiri minimuma enəcək. Ən azı ona görə ki, Tramp administrasiyasının ermənilərin qarşısında hər hansı korporativ öhdəliyi yoxdur.

Digər tərəfdən, Vaşinqtonda da anlayırlar ki, artıq erməni diasporunun girovluğunda olmaq onların geosiyasi maraqlarına zərbə vurur. Bu baxımdan, Donald Trampı erməni diasporu ilə qarşılıqlı maraqlar bağlamır.

Bundan başqa, Tramp daha çox yəhudi lobbisinin maraqlarının müdafiəçisidir. Erməni və yəhudi lobbiləri isə artıq uzun illərdir ki, bir-birinə qarşıdır. Qarabağ münaqişəsi ilə bağlı da yəhudi lobbisi Azərbaycana dəstək verir. Ermənistan İsrailin maraqlarına cavab verəcək imkanlara və mövqeyə malik deyil. Uzun illər buna görə İsrail Ermənistanda səfirlik açmaqdan imtina edib və Təl-Əvivin bu ölkədəki işlərini Gürcüstandakı səfiri görüb. Lakin bu gün Ermənistandakı İsrail səfirliyi formal olaraq fəaliyyət göstərir və durğunluqda olan ikitərəfli münasibətlərdə heç bir rolu nəzərə çarpmır.

İlham Əliyev: "Diaspor təşkilatlarının üzərinə mühüm vəzifələr düşür"

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb. Ermənistan isə antisemit çağırışları ilə tanınıb. Əslində, son illər ərzində erməni lobbisi ABŞ, Rusiya və bir sıra Avropa ölkələrində əsaslı dərəcədə mövqe itirməyə başlayıb. Bu baxımdan, Trampın erməni diasporunun maraqlarını sıxışdırması dünyada cərəyan edən proseslərin tərkib hissəsidir.

Ermənilər dünyada öz lobbilərinin məğlubiyyət səhnəsinin şahidi olurlar. Trampın erməni lobbisinə zərbəsi də sıradan bir hadisə deyil və böyük bir prosesin başlanğıcıdır. Əslində, heç bir müstəvidə Ermənistana və ermənilərə aparıcı rollar ayrılmır. Ehtimal etmək olar ki, Trampın ardınca digər dövlətlərin rəhbərləri də erməni lobbisinə layiq olduğu "qiyməti" verəcək.

Ermənistan müstəqil dövlət olmaq şansını itirdiyi kimi, lobbi vasitəsilə dünya siyasətinə təsir imkanlarını da itirir. Bu mənada ABŞ-ın ermənilərdən faktiki olaraq imtinasını bir başlanğıc hesab etmək olar…