BAKI, 24 iyul — Sputnik. "Qarabağ" futbol klubu növbəti mövsüm üçün komandaya yeni transfer edib. Sayca altıncı olan yeni transfer hücum xəttinin daha da möhkəmlənməsi üçün reallaşıb.
Sputnik Azərbaycan Qarabağ Futbol klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandaya "Bursaspor"un forvardı Con Delarjı gətirilib. Konqolu hücumçu ilə 3 (2+1) illik müqavilə imzalanıb.
Qeyd edək ki, Delarj karyerasına Kamerunun "Union Duala" klubunda başlayıb. Daha sonra "Dunayska Streda" (Slovakiya), "Slovan" (Liberets, Çexiya), Avstriyanın "Admira" və "Osmanlıspor" (Türkiyə) klublarında oynayıb. 28 yaşlı hücumçunun son klubu isə "Bursaspor" olub.
Xatırladaq ki, Konqo yığmasının heyətində 12 oyuna çıxan Delarj 1 qolla yadda qalıb.