BAKI, 24 iyul — Sputnik. Yunanıstanda paytaxt Afina yaxınlığında davam edən güclü yanğınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
Məlumata əsasən, bu gün səhər saatlarında Qızıl Xaç Cəmiyyətinin əməkdaşları və könüllülər Afinanın şərqində yerləşən Mati kurort rayonunda 26 şəxsin cəsədini tapıblar. Onlar yanğından qurtulmaq üçün dənizə daxil olmağa çalışıblar.
Ümumilikdə isə, yanğın nəticəsində 156 nəfər xəsarət alıb ki, onlardan da 16-sı uşaqdır. 11 nəfərin vəziyyəti isə kritik ağırdır.
Qeyd edək hazırda yanğınla əlaqədar Yunanıstanda fövqəladə vəziyyət elan edilib. Yanğının söndürülməsinə onlarla yanğınsöndürən, üç təyyarə və iki helikopter cəlb olunub. Lakin güclü külək yanğını nəzarət altına almağa imkan vermir.
Əlavə edək ki, son günlər Yunanıstan ərazisində isti hava şəraiti müşahidə olunur. Ölkənin bəzi ərazilərində temperatur 40 dərəcəyə çatır.