SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Ağdamın 200 minlik əhalisinin 153 min nəfəri məcburi köçkündür"

Hikmət Hacıyev: "Ermənistan nəhayət başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz"
Sputnik

BAKI, 23 iyul — Sputnik. "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü zamanı 23 iyul 1993-cü il tarixində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Ağdam rayonunun inzibati mərkəzi, Aşağı Qarabağın ən böyük şəhərlərindən biri olan Ağdam işğal olunub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hərbi təcavüz səbəbindən ümumi ərazisi 1154 kv. km olan 138 yaşayış məntəqəsindən ibarət Ağdam rayonunun əksər hissəsi zəbt edilib və oranın əhalisi etnik təmizləməyə məruz qalıb.

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saat çəkib

"Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. İşğal nəticəsində 122 yaşayış məntəqəsi, 24 min 446 yayayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr və s. talan və məhv edilib. Ağdamın müdafiəsi zamanı döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Hazırda 200 min nəfər rayon sakinindən 153 min nəfərdən artıq şəxs Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır" — deyə H.Hacıyev bildirib.

O qeyd edib ki, işğal edilmiş ərazilərdəki çoxsaylı tarixi abidələrin xeyli hissəsi məhv olmağa, zahiri görkəminin süni dəyişdirilməsinə və qanunsuz arxeoloji qazıntılara məruz qalıb: "Onların arasında Ağdam şəhərinin yaxınlığında e.ə. II minilliyə aid Üzərliktəpə abidəsi, Kəngərli kəndindəki VI əsrə aid məbəd və XIV əsrə aid türbə ilə daş abidələri, Xaçındərbənd kəndindəki 1314-cü ilə aid Qutlu Sarı Musaoğlu türbəsi, XVIII-XIX əsrlərdəki Qarabağ xanlığının mirası Şahbulaq qalası, xan sülaləsinin imarəti və məqbərələri və s. qeyd oluna bilər. Ağdamda məşhur Çörək Muzeyi darmadağın edilib, Cümə məscidi tövləyə çevrilib. Bu torpaqların əzəli Azərbaycan əhalisi barədə izlərin silinməsi məqsədilə, işğalçılar tərəfindən Ağdam şəhəri adının da belə dəyişdirilməsi Ermənistanın güddüyü məqsədlərini açıq-aşkar nümayiş etdirir".

Hacıyev vurğulayıb ki, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı qətnamədə işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması üzrə təxirəsalınmaz tədbirlər barədə cədvəlin hazırlanması tapşırılıb: "Lakin ATƏM-in (hazırda ATƏT) Minsk Konfransının sədri Mario Raffaellinin 27 iyul 1993-cü il tarixli hesabatında qeyd olunduğu kimi, 22-23 iyul 1993-cü il tarixlərində ATƏM-in Minsk Konfransı 9 iştirakçı ölkəsinin bu məqsədlə Romada keçirdiyi iclas zamanı ermənilər, əvvəlcədən Ağdamı işğal etmək niyyətində olmadıqlarını vəd etsələr də, bu addımı atdılar".

Hikmət Hacıyev: “Cocuq Mərcanlı tamamilə Azərbaycan ordusunun nəzarətindədir”

"Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏM-in Minsk Qrupunun 9 ölkəsi adından bu "hücum qətiyyətlə pislənib", "işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilib". 29 iyul 1993-cü il tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da "işğalçı qüvvələrin Ağdam rayonu və digər yenicə işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması" tələb edildi. Lakin Ermənistan tərəfi buna da tabe olmaqdan yayındı" — XİN sözçüsü əlavə edib.

Onun sözlərinə görə, beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinin hələ o mərhələdə nizama salınmasına dair siyasi fürsətlərdən istifadə etməyə, buna dair yekdilliklə qəbul edilmiş BMT qərarlarının yerinə yetirilməsinə imkan verilməyib və yeni-yeni Azərbaycan ərazilərinin işğalı nəticəsində hazırkı ağır vəziyyət yaradılıb: "Raffaellinin hesabatında bildirildiyi kimi, "güc yolu ilə işğal olunmuş ərazilərdən qoşunların dərhal çıxarılması sülh danışıqlarının irəli aparılması üçün ən mühüm amildir". Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqe sayəsində həmin başlıca şərtə əməl olunmaması münaqişənin bu günədək nizama salınmamış qalmasının əsas səbəbi olaraq qalır".

H.Hacıyev diqqətə çatdırıb ki, işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir: "Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir".

Azərbaycan XİN işğal faktı ilə bağlı bəyanat yayıb

"Ermənistan nəhayət başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz və işğala əsaslanan status-kvo Ermənistanın özünü təcridinin və bugünkü sistematik sosial-iqtisadi və demoqrafik böhranının əsas səbəblərindəndir. Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər" — nazirlik təmsilçisi vurğulayıb.

"Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, Ağdam, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin şəksiz ayrılmaz hüququdur. Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərinin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır" — deyə o əlavə edib.