CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşi edən də özümüzük, şikayətlənən də, məsələ vicdan məsələsidir

Mütəxəssislər bunu vicdan məsələsi olduğunu iddia edir
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. Parkların, istirahət mərkəzlərinin, dəniz kənarının vətəndaşlar tərəfindən çirkləndirilməsi halları ilə tez-tez qarşılaşırıq. Parklarda çırtladığı tumun qabığını yerə tökən, içdiyi suyun şüşəsini ağacların dibinə atan, əlinə keçən bütün tullantıları ətrafa səpələyən vətəndaşlar var. Bu sahədə müvafiq cərimələr tətbiq edilsə də, təəssüflə qeyd etməliyik ki, bu kimi halların qarşısını alınmır. Mütəxəssislər bunun vicdan məsələsi olduğunu iddia edirlər.

Sputnik Azərbaycan-a danışan ekoloq Vaqif Əliyev təəssüflə qeyd edir ki, cəmiyyət arasında parklarda, istirahət mərkəzlərində özünü idarə edə bilməyən insanlar var: "Parkların, dəniz kənarının, istirahət mərkəzlərinin zibillənməsi bu gün cəmiyyətin ekoloji problemlərindən biridir. Nə qədər qəribə olsa da, zibilləyən də özümüzük, bu problemlərdən danışan da. Düşünürəm ki, istirahət mərkəzləri, parkları zibilləyən dərhal cəzalandırılmalıdır. Amma təəssüf olsun ki, hələ elə bir mexanizm yoxdur ki bu insanlar cərimələnsin. Çünki geniş parkdır. İşçilər bir-bir parka gələnlərin arxasınca düşməyəcək ki".

Ekoloq qeyd edir ki, belə insanların əməlləri natəmizlik yaradır. Bu da həm görüntü, həm də sağlamlıq baxımından təhlükəlidir: "Parklarda olan natəmizlik uşaqlarımızın sağlamlığı üçün təhlükəlidir. Dənizin kənarlarında olan natəmizlik hamının sağlamlığına təsir edir. İnsanlar bir qədər diqqətli olsalar, təmizliyə riayət etsələr, belə hallar, ümumiyyətlə, yaranmaz. Ancaq təəssüflə qeyd edim ki, bu gün bəzi qəsəbələrdə dəniz kənarına gedəndə dənizə girmək istəmirsən. Şıxov, Buzovna dəniz sahilləri çox zaman vətəndaşlar tərəfindən çirkləndirilir".

V.Əliyev hesab edir ki, bu kimi halların qarşısını almaq üçün qanunların icrası sərtləşdirilməlidir.

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, bu barədə İnzibati Xətalar Məcəlləsində qeyd edilib. Belə ki, məcəllənin 266.3 maddəsinə görə, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə edilir: "Bəlkə bu məbləğ az olduğu üçün insanların gözünü qorxutmur. Bəlkə də insanlar cərimə edilmir deyə, bu, onlar üçün o qədər də önəmli deyil. Zibilləri hara gəldi atırlar".

Hüquqşünas da düşünür ki, bu sahədə qaydalar daha da sərtləşdirilməlidir: "Bu, bir qədər də vicdan məsələsidir. Hər bir insan evi ilə necə davranırsa, olduğu ərazi ilə də elə davranır".

"Zabitlər parkı"ndan şikayət var: Sakinlər parkı zibilləyir, karuselləri qırır...

"Parkların, dəniz kənarının zibillənməsi qayda pozuntusudur və buna görə cərimələr tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 266.4-cü maddəsinə görə, şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir" — F.Həmidli bildirir.

Həmçinin qeyd edir ki, Məcəllənin 266.1 maddəsində deyilir ki, şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə görə fiziki şəxslər 700 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 8500 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.