Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 20 iyul — Sputnik. Azərbaycanda nağdsız hesablaşmalar istiqamətində bir sıra işlər, layihələr həyata keçirilsə də, hələ ki, bütün sahələrdə tam olaraq nağdsız ödənişə keçmək mümkün olmayıb. Bu da təbii ki, bir sıra çətinliklərə səbəb olur. O cümlədən şəffaflığın təmin edilməsində, korrupsiya hüquqpozmalarına qarşı səmərəli mübarizənin aparılmasında və s. maneələr törədir. Həmçinin, qeyri-leqal gəlirlərin gizlədilməsinə, vergidən yayınmalara şərait yaradır.
Alğı-satqının tam olaraq nağdsız ödəmələr vasitəsilə aparılmaması sıravi vətəndaşları da bir sıra problemlərlə üz-üzə qoyur. Belə ki, vətəndaşlar hər ay əmək haqqını, təqaüdünü şəxsi kartından çıxarıb, digər ödənişlər üçün istifadə etməyə məcburdurlar. Bunun üçün də müxtəlif yerlərdə quraşdırılmış bankomatlardan istifadə edirlər. Problem isə çıxarılan məbləğin qəbzinin alınması zamanı yaşanır.
Bildiyimiz kimi, bankın və ya bankomatın verdiyi qəbz kartın hesabından çıxarılan məbləği təsdiq edən sənəddir. Təəssüflər olsun ki, şəhərdə bir çox bankomatlar qəbz vermir. Bu da təbii ki, vətəndaşın bir sıra xoşagəlməz hallarla üzləşməsinə səbəb ola bilər.
Sputnik Azərbaycan hüquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənovla hazırda aktual olan bu məsələ ətrafında danışıb. Əkrəm Həsənov bildirib ki, ilk baxışdan adi görünən qəbzin bankomat tərəfindən verilməməsi bəzən müştəri üçün böyük problemlərlə nəticələnə bilir. Ona görə sübut olaraq və əməliyyatı təsdiqləyən qəbzin olması mütləqdir.
Ekspert vurğulayıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatası da bu barədə bir qayda yaratmayıb: "Əslində qanunda yoxdur ki, bankomatdan pul çıxaran zaman bankomat mütləq şəkildə çek verməlidir. Ümumiyyətlə, banklardan belə bir tələb yoxdur. Ona görə də banklar da bundan sui-istifadə edir".
Hüquqşünasın fikrincə, yaxşı olardı ki, bu məsələ gündəmə gətirilsin və yeni qanun qəbul edilsin: "Çünki bu məsələ həllini tapmasa, vətəndaş qəbz almadığına görə heç kimə şikayət edə bilməyəcək və məsələ onun xeyrinə həll olunmayacaq. Bu da çox pis haldır".
Bu məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına da sorğu göndərdik. Qurumun həmin sorğumuza verdiyi cavabı olduğu kimi təqdim edirik:
"Qeyd olunan məsələ ilə bağlı Palata tərəfindən müvafiq tədbirlərin görülməsi məqsədilə cari ilin 05 iyul tarixində bütün banklara məktub göndərilib. Məktubda banklara bu sahədə qanunvericiliyin tələblərinə riayət etmələri istiqamətində tapşırıqlar verilib".
Palatadan o da bildirilib ki, bu məsələ ilə bağlı problem yaşayan şəxslər Maliyyə Bazarlarının Nəzarət Palatasını qaynar xəttinə müraciət edə bilərlər: "Vətəndaş belə halla üzləşərsə, (+012)4935058 nömrəsinə zəng edərək və ya palatanın rəsmi saytında elektron müraciət edərək hansı ərazidə yerləşən bankomatda qəbzin olmadığını xəbər verməlidir".