BAKI, 19 iyul — Sputnik. İsrail parlamenti ölkənin "Yəhudi xarakteri haqqında" Konstitusiya qanunu qəbul edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, qəbul olunan qanun layihəsi ölkədə yaşayan ərəblərin etirazına səbəb olub.
Yeni qanun İsraili "Yəhudi xalqının milli evi", yəhudiləri isə bu evin daxilində milli müqəddəratını təyinetmə hüququ olan xalq elan edir. Qanun layihəsi dövlət dili kimi yalnız ivrit dilinin olmasını nəzərdə tutur. İndiyə qədər onunla eyni statusda olan ərəb dilinə isə "xüsusi status" verilir.
"Bu, sionizm və İsrail tarixində həlledici məqamdır. Biz öz mövcudluğumuzun baza prinsipini qanun halına salırıq. İsrail bütün vətəndaşlarının individual hüquqlarına hörmət edən yəhudi xalqının milli dövlətidir. Bütün Yaxın Şərqdə yalnız İsrail bu hüquqlara hörmət edir" — deyə baş nazir Benyamin Netanyahu bildirib.
Qanun layihəsi İsrail Knessetində olan 120 deputatdan 62-nin dəstəyini alıb, 55 nəfər isə əleyhinə səs verib. İki deputat fikir bildirməkdən imtina edib. Səsvermə zamanı İsrail parlamentində qalmaqal da yaşanıb. Belə ki, hakim koalisiya səsvermə zamanı qanunu alqışlayıb, ərəb deputatlar isə demonstrativ qaydada sənədi cırıblar.
Qeyd edək ki, hazırda İsrail əhalisinin sayı 8 milyondur. Onun da 20%-ni ərəblər təşkil edir. Onlar da çoxluq təşkil edən yəhudilər kimi hüquqlara malikdirlər, lakin tez-tez faktiki diskriminasiyadan şikayətlənirlər.
"Biz ölkənin ərəb sakinləri Netanyahu və onun əlaltılarının qəbul etdikləri irqçi qanunlarla mübarizə aparırıq. Biz Netanyahunun burnunun dibində, onun qəzəbindən qorxmayaraq öz ölkəmizdə yaşayıb, inkişaf edəcəyik" — deyə Knessetin Birləşmiş Ərəb siyahısından olan deputatı Səid əl-Harumi bildirib.
Ərəblərlə yanaşı, qanun layihəsinin əleyhinə mərkəzçi və solçu sionist partiyalar da səs veriblər. Yeni qanun layihəsində İsrailin gerbi, himni, bayrağı və bayramları yer alıb.