QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İtaliya prezidenti: "Cənubi Qafqazda təhlükəsizliyi təmin edəcək yeni yollar tapılmalıdır"

Sercio Mattarella: "İtaliya həmişə Azərbaycanın inkişafı üçün onun yanında olacaq"
Sputnik

BAKI, 18 iyul — Sputnik. İyulun 18-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İtaliya Respublikasının prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər. Sputnik Azərbaycan Azərbaycan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, İtaliya prezidenti göstərilən diqqətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirdikdən sonra deyib ki, o, İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlib.

İlham Əliyevdən İtaliyaya xüsusi jest: "Sizin üçün Azərbaycanda bütün qapılar açıqdır"

"Bu dəvət və bizim münasibətlərimiz ölkələrimiz arasında mükəmməl səviyyədə olan ikitərəfli əməkdaşlığımızın nəticəsidir. Bizim bu gün gündəliyimizdə olan məsələlər ikitərəfli münasibətlərimizi nəzərdə tutan bütün sahələri diqqətdə saxlayan məsələlərdir. Çünki İtaliya da Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir və xüsusilə də bu regionda əsas tərəfdaşı hesab edir. İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir. İtaliya Azərbaycanın dünyəviliyini və dini tolerantlığa olan hörmətini çox alqışlayır. Radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri İtaliya tərəfi dəstəkləyir" — Mattarella bildirib.

O, qeyd edib ki, azərbaycanlı həmkarı ilə söhbət zamanı terrorizmə və qeyri-qanuni ticarət yollarına qarşı mübarizəyə dair də fikir mübadiləsi aparılıb: "Biz bu məsələlərdə eyni fikirdəyik. Bizim strateji və kommersiya sahəsində olan əməkdaşlığımız barədə də geniş fikir mübadiləsi apardıq. Bizim enerji sahəsi üzrə mükəmməl əməkdaşlığımızdan əlavə digər sahələr üzrə də əməkdaşlığımızın mümkünlüyündən və onların önəmindən danışdıq. İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyətindən danışdıq. Cənub Qaz Dəhlizində İtaliya tərəfinin və Azərbaycan tərəfinin səylərini qiymətləndirir və ümumi maraqlarda olan bu məsələlərin həll yolunu tapması üçün hər iki tərəfin çalışacağını bildiririk. Çünki Cənub Qaz Dəhlizi və eləcə də Xəzər dənizi regionu, Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir. İtaliya Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə çox böyük önəm verir və bunu alqışlayır. Biz ümid edirik ki, bu sahə üzrə və dostluq münasibətləri çərçivəsində İtaliya şirkətləri Azərbaycanda energetika sahəsindən başqa digər sahələrdə də öz fəaliyyətini qura bilər".

"Bundan əlavə, biz müdafiə sahəsində şirkətlərimizin əməkdaşlığı barədə danışdıq. Çünki biz inanırıq ki, İtaliyanın bu sahədə əldə etdiyi texnologiyalar Azərbaycanın iqtisadiyyatına öz töhfəsini verə bilər. Bildiyiniz kimi, sabah Azərbaycan prezidenti İlham Əliyev ilə birgə İtaliya-Azərbaycan biznes forumunda iştirak edəcəyik. Bu tədbirin mənim səfərim çərçivəsində keçirilməsi doğrudan da bizim əməkdaşlığımızın hərtərəfli olmasını və xüsusilə iqtisadiyyat sahəsinin Azərbaycan və İtaliya münasibətlərində nə qədər önəm kəsb etdiyini bir daha göstərir" — İtaliya prezidenti vurğulayıb.

Əlavə edib ki, iki dövlətin münasibətləri siyasi, iqtisadi, energetika baxımından təbii ki, ən əhəmiyyətli rola malikdir: "Lakin bundan əlavə, Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində də əməkdaşlıq mövcuddur. Biz fikirləşirik ki, elmin və texnologiyanın hesabına hər iki dövlət arasında mədəniyyət sahəsində olan əməkdaşlığı inkişaf etdirə bilərik. Bu baxımdan qeyd etmək istəyirəm ki, mən Azərbaycanın önəmli universitetlərindən biri olan ADA Universitetində bu gün tələbələrin qarşısında çıxış edəcəyəm. Eləcə də İtaliya hökuməti tərəfindən verilən təqaüdlərin qalibi olan Azərbaycan tələbələrinə həmin təqaüdləri təqdim edəcəyəm. Mən Milanda keçirilən "Ekspo" sərgisi zamanı Azərbaycan pavilyonunu bir daha xatırlatmaq istəyirəm. Çünki Azərbaycan pavilyonu öz möhtəşəmliyi ilə bütün ölkələrin diqqətini cəlb etmişdir. Bu xüsusda Heydər Əliyev Fonduna və onun prezidentinə həm bu pavilyonunun hazırlanmasına, həm də Romada restavrasiya işlərinin görülməsinə və digər tədbirlərin keçirilməsinə görə öz təşəkkürümü bildirirəm".

Mattarella diqqətə çatdırıb ki, hər iki ölkədən olan gənc istedadlar arasında mübadilə aparmaqla da əməkdaşlığımıza əlavə töhfə verə bilərik: "Bizim Azərbaycan ilə ikitərəfli və çoxşaxəli münasibətlərimiz bir az bundan öncə imzaladığımız sazişlərlə də bir daha özünü sübut edir. Mən demək istəyirəm ki, İtaliya tərəfi ATƏT-də sədrliyi çərçivəsində də Azərbaycana öz töhfəsini verəcəyini bir daha vurğulayır. İtaliya xüsusən regionda olan problemlərlə bağlı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcək. Biz istəyirik ki, bu sahə üzrə danışıqların formatlarını dəyişmək əvəzinə, əksinə, regionda təhlükəsizliyi təmin edə biləcək yeni danışıq yolları tapılsın. Çünki bizim fikrimizcə, bu münaqişənin həlli hərbi yolla deyil, siyasi yolla baş verməlidir. Bu həll yolu sabit, uzunmüddətli və beynəlxalq hüquq çərçivəsində olmalıdır".

"Bir daha əlavə etmək istərdim ki, İtaliya Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişlə bağlı danışıqlarda çox fəal rol oynayır. Hesab edirik ki, bizim ümumi marağımızda olan prioritet məsələlərin daha da inkişaf etdirilməsi Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı çərçivəsində İtaliya-Azərbaycan münasibətlərinə öz töhfəsini verəcək. Cənab Prezident, mən, həmçinin Brüsseldə Qətiyyətli Dəstək sənədinin imzalanması ilə bağlı Sizi bir daha təbrik edirəm. Çünki mən hesab edirəm ki, bu, Azərbaycanın əldə etdiyi uğurlu bir nəticədir. Fikirləşirik ki, bu, daha da inkişaf edəcək. İtaliya NATO çərçivəsində əməkdaşlığına, xüsusən Əfqanıstanda göstərdiyi əməkdaşlığa görə Azərbaycana minnətdarlığını bildirir. Bildiyiniz kimi, İtaliya bu sahədə də öz xüsusi rolunu oynayır. Azərbaycan ilə İtaliya arasında mədəniyyət, iqtisadiyyat və siyasi sahələrdə əməkdaşlıq, eləcə də dostluq münasibətləri mövcuddur. İtaliya həmişə Azərbaycanın inkişafı üçün onun yanında olacaq" — qonaq prezident vurğulayıb.