CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni təhlükə var, bu da xəbərdarlığı

Aha, indi bu növbəti təhlükəni önləməkmi lazımdır, yoxsa hadisə olandan sonra vəziyyətdən çıxmağa çalışmaqmı?
Sputnik

BAKI, 16 iyul — Sputnik. Bir avtomobilim vardı. Sanki, istehsal olunduğu zavodun sahibindən zəhləsi gedirmiş kimi, hər gün xarab olacağına və brendinin adını batıracağına dair özünə söz vermişdi. Elə gün olmazdı ki, o maşının hansısa detalı sıradan çıxmasın və evakuatorun üzərində şəhəri gəzməsin.

Bakıda lift şaxtaya düşdü, ciddi yaralananlar var

Nəysə, satdım getdi. Yəqin hələ də əldən-ələ gəzir, həm də ünvanıma səslənən ürək sözlərinin fonunda. Necə ki, mən də sələfimi hər avtomobil xarab olduğu zaman lazımi kəlmələrlə yad edirdim.

Artıq hər gün hansısa xoşagəlməz hadisə ilə üzləşməyə vərdiş etmişik. Ya işıq sönməli, ya su kəsilməli, ya qaz verilişi dayanmalı, ya yol çökməli, ya lift xarab olmalı, ya da kimsə çıxıb efirdə təlxəklik edib normal insanların əsəblərini korlamalıdır.

Təbii ki, dünyanın heç bir ölkəsi bu cür hadisələrdən sığortalı deyil, heç bir xalqın arzuolunmaz faktlardan uzaq olacağına dair zəmanəti yoxdur. Lakin ən azından mümkün olan önləmləri alırlar ki, hadisə baş verdiyi halda zərərləri az olsun, altından qalxa bilsinlər. Bununla İlahi təqdirdən qaçmış olmurlar, sadəcə sahib olduqları ağılla özləri üçün təhlükəsizlik kordonu yaradırlar.

Lift işləmir

Məsələn, yaxın keçmişdə təmirdən çıxmış, ədəli-düdəli açılışı olmuş bir yol niyə durduğu yerdə çökməlidir? Təbii fəlakətmi baş verdi, zəlzələmi oldu, selmi yuyub apardı…? Noldu? Burada heç bir bəhanə axtarmağa ehtiyac yoxdur. Tək səbəb var: Qeyri-peşəkarlıq və orada istifadə edilməli olan materialın lazım olduğu qədər və şəkildə istifadə edilməməsi.

Yeni tikilmiş binaya quraşdırılan yeni liftin trosu nəyə görə qırılsın? Hər bir detalın istifadə müddəti olur. Deməli, ya həmin lift təzə adı ilə camaata sırınıb, ya müəyyənləşdirilmiş müddətə dözəcək deyil, daha keyfiyyətsiz trosla təmin olunub, ya da trosun istifadə müddəti artıq bitib, amma məsul qurum onu yeniləmək barədə düşünməyib.

Yəni, bunları etmək də əlimizdə deyil? İraq-iraq, Çinin istifadə müddəti bitmiş kosmik peyki başımıza düşsəydi, təbii ki, onun qarşısını almaq iqtidarında olmazdıq. Amma asfaltlamazdan qabaq yolun altındakı bərkitməni düzgün aparmaq ki əlimizdədir. Məsələn, o qatqıları, avadanlıqları həm də öz təyinatı üzrə istifadə edə və usta-fəhlə heyətini daha məsuliyyətli çalışdıra bilərdik, deyilmi? Ya da keyfiyyətsiz, istifadəyə yararsız liftin triosunun bir gün kimlər üçünsə edam kəndiri olacağını fikirləşmək çoxmu vaxt aparardı?

Bakının mərkəzində fövqəladə hadisə: Metro stansiyasının yaxınlığında yol çökdü - VİDEO

Lift demişkən, yaxın bir yoldaş daha bir təhlükə barədə xəbərdarlıq edir. Deyir, məlum 3-4 iyul hadisələrində dəhşətli mənzərə ilə üz-üzə qalıblar: "Təsəvvür edin ki, yeni tikilidə yaşayırıq, amma binamıza quraşdırılan liftlərin iynə ucu boyda hava keçən yeri yoxdur. Yəni hər tərəfi tam bağlı dəmir bir tabutda qalxıb enirik. Ayın əvvəlində qəfildən elektrik kəsiləndə liftdə qalanlar az qala havasızlıqdan boğulub ölürdülər. Güc-bəla xilas edildilər. Əgər tədbir görülməsə, bir gün kimsə lift xarab olduğunda onun içində boğulub öləcək".

Mən təsəvvür edə bilmirəm, siz edirsiniz? Tutalım, bunu təsəvvür etdiniz, amma həmin binanın sakinlərinin binanın komendantlığından və lift idarəsindən aldıqları cavabı, çətin ki, təsəvvür edəsiniz.

"JEK"in cavabı: "Bir az dözün, istilərin ömrünə çox qalmayıb, bu gün-sabah yay çıxır".

Lift idarəsinin cavabı: "Əşşi, bəsdirin də qarışqadan fil düzəltdiniz! Hər xırda şeyi böyüdürsünüz. Havalandırma yoxdu deyə o boyda liftləri söküb yenilərini qoyası deyilik ha!"

Aha, indi bu növbəti təhlükəni önləməkmi lazımdır, yoxsa hadisə olandan sonra, "Yəqin ki, yolun çökməsi yaxınlıqdakı metro tikintisi ilə bağlıdır" deyən Anar Nəcəfli kimi vəziyyətdən çıxmağa çalışmaqmı?