BAKI, 13 iyul — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO forumu zamanı Nikol Paşinyanı baş nazir seçilməsi münasibəti ilə təbrik edib. Sputnik Ermənistan xəbər verir ki, bunu Brüssel hava limanında jurnalistlərə açıqlama verən Ermənistanın baş naziri bildirib.
Paşinyanın sözlərinə görə, erməni nümayəndə heyəti iclas zalında olduğu vaxt türkiyəli nazir əvvəlcə onların yanından sürətlə keçib, daha sonra geri dönüb və hələ Avropa Şurasından tanıdığı xarici işlər naziri Zöhrab Mnatsakanyana yaxınlaşıb.
"O, daha sonra mənimlə tanış oldu və dedi ki, Ermənistandakı prosesləri izləyiblər, bu proses barədə xeyli məlumatlıdırlar. Daha sonra o, məni baş nazir seçilməyim münasibəti ilə təbrik etdi" — deyə Paşinyan bildirib.
Qeyd edək ki, 11-12 iyul tarixlərində Belçikanın paytaxtı Brüsseldə NATO-nun 29-cu sammiti keçirilib. Sammitdə 54 rəsmi nümayəndə heyəti iştirak edib. Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün Belçikaya gedib.
Tədbirin ilk günündə üzv ölkələrin liderləri terrorizmlə mübarizədə NATO-nun rolunun artırılması ilə bağlı təkliflər verib, NATO-nun yüzlərlə təlimçisinin iştirakı ilə İraqda yeni təlim missiyasının başlanmasına razılıq veriblər.
Sammitin gedişində müttəfiqlər paytaxtı Skopyen olan Şimali Makedoniya Respublikasını NATO-nun 30-cu üzvü olmağa dəvət edib.
Daha sonra sammit çərçivəsində Gürcüstan və Ukrayna rəhbərliyi ilə görüşdə regional çağırışlar müzakirə olunub. Sammit tərəfdaş ölkələrin iştirakı ilə Əfqanıstan üzrə görüşlə yekunlaşıb.
Xatırladaq ki, Ermənistanın sabiq baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın 8-də isə Ermənistan Milli Məclisi xüsusi iclasında ölkənin baş nazirini seçib.
Baş nazir postunu "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan tutub. Onu deputatların 59-u dəstəkləyib. 42 deputat isə Paşinyanın əleyhinə səs verib.