İDMAN

Avropa Liqası: Bir qələbə, iki məğlubiyyət

"Neftçi" klubu isə Avropa Liqasında mübarizəyə qələbə ilə başlayıb
Sputnik

BAKI, 13 iyul — Sputnik. Azərbaycanın "Qəbələ" və "Keşlə" klubları Avropa Liqasına məğlubiyyətlə başlayıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, hər iki komanda I təsnifat mərhələsində ilk görüşdəcə uduzaraq, növbəti mərhələ şanslarını çətinləşdirib.

"Qəbələ" öz meydanında Lüksemburq "Proqres"inə yenilib — 0:2. Hər iki qol fasilədən sonra vurulub. Mayron de Almeyda 51-ci dəqiqədə hesabı açıb. Olivye Till isə bundan 10 dəqiqə sonra penaltini dəqiq yerinə yetirib.

"Keşlə" isə Maltada "Baltsan"la qarşılaşmada darmadağın olub — 1:4. Hesabı 12-ci dəqiqədə Alfred Effionq açıb. 21-ci dəqiqədə Leklao fərqi artırıb. 29-cu dəqiqədə Sezar Meza Kolli penaltidən fərqi azaltsa da, 34-cü dəqiqədə Boyan Kalyeviç "Baltsan"ın üçüncü qolunu vurub. Oyunda son nöqtəni isə 55-ci dəqiqədə Kadu qoyub.

"Neftçi" klubu isə Avropa Liqasında mübarizəyə qələbə ilə başlayıb. "Ağ-qaralar" I təsnifat mərhələsinin evdə keçirdikləri ilk matçında Macarıstan "Uypeşt"ini üstələyiblər.

Oyunda hesabı 8-ci dəqiqədə Daniel Naginin qolu ilə qonaqlar açıb. Ancaq Baqali Dabo 24 və 71-ci dəqiqələrdə fərqlənməklə, "Neftçi"ni önə keçirib. Emin Mahmudov isə 90+2-ci dəqiqədə son nöqtəni qoyub — 3:1.