HADİSƏ

Bakı metrosunun fəaliyyətində yenidən problem yaranıb

Təxminən 1 saata yaxın davam edən problem sonradan həllini tapıb
Sputnik

BAKI, 12 iyul — Sputnik. Bu saatlarda ölkə ərazisində elektrik enerjisinin verilməsində yenidən problem yaşanıb. Elektrik enerjisinin kəsilməsi Bakı Metropoliteninin işinə təsirsiz ötüşməyib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, qırmızı və yaşıl xətlərdə hərəkət normal rejimdə işləyir: "Amma bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında problem yarandı".

Elektrik enerjisinin kəsilməsinin səbəbi bilindi - RƏSMİ

"Saat 16:10-dan stansiyaya giriş bağlandı. Stansiyada olan sərnişinlər çıxarıldı. Lakin iki stansiya arasında heç bir qatar tuneldə qalmayıb" — deyən Məmmədovun sözlərinə görə, baş verənlərə səbəb metroya gələn elektirik xətlərində gərginliyinin olmamasıdır.

Generatorların çalışıb-çalışmamasına gəldikdə, Metropoliten sözçüsü hazırda bunun mürəkkəb məsələ olduğunu bildirib: "Prezident İlham Əliyevin bu barədə göstərişi var. Hazırda Bakı Metropoliteni bu istiqamətdə fəal iş aparılır".

Qeyd edək ki, təxminən 1 saata yaxın davam edən problem sonradan həllini tapıb. Hazırda sözügedən hər iki metrostansiyada qatarların hərəkəti bərpa edilib.

Bu gün saat 16:00 radələrində Azərbaycanın bəzi ərazilərində elektrik enerjisi kəsilib."Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı Sputnik Azərbaycan-a bildirib ki, elektrikin kəsilməsinə Ağsu rayonunun Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın səbəb olub.

O qeyd edib ki, yanğın səbəbindən təhlükəsizlik məqsədi ilə respublikanın bəzi bölgələrinə enerji verilişi dayandırılıb. Babanlı elektrik enerjisinin verilməsinin ən qısa zamanda bərpa edilməsinə çalışacaqlarını vurğulayıb.