HADİSƏ

Bakıda yaşanan dəhşətli olayla bağlı cinayət işi açıldı

Qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alan 19 nəfər həkimə müraciət edib
Sputnik

BAKI, 12 iyul — Sputnik. Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

Paytaxt sakinləri dəhşətli xəbərlə oyandılar — VİDEO

Onun sözlərinə görə, məlum qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alan 19 nəfər həkimə müraciət edib. Həkimə müraciət edənlərdən 13 nəfəri ilkin tibbi yardımdan sonra evə buraxılıb, 6 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

R. Quliyev həmçinin qeyd edib ki, baş vermiş hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq tədbirləri davam etdirilir.

Bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində ağır yol qəzası baş verib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, qəza 90-OJ-802 DQN yük maşınının 10-TF-383 DQN sərnişin avtobusuna çırpılması nəticəsində yaşanıb.

Hadisəyə səbəb yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi olub. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.

Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov isə ölən şəxsin qadın olduğunu bildirib. Qeyd edib ki, qadın hadisə yerindəcə dünyasını dəyişib. Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 3 nəfər Ələtdəki xəstəxanaya yerləşdirilib, 2 nəfərə yerindəcə ilkin yardım göstərilib.