Daha bir ölkə NATO üzvü olacaq

Yens Stoltenberqin sözlərinə görə, Makedoniya Şimali Atlantika Alyansının 30-cu üzvü olacaq
Sputnik

BAKI, 11 iyul — Sputnik. NATO-ya üzv ölkələrin Brüsseldə sammiti zamanı daha bir ölkə Şimali Atlantika Alyansının dəvət olunacaq. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu qurumun baş katibi Yens Stoltenberq bildirib.

"NATO üzrə müttəfiqlər sammitdə Makedoniyaya dəvəti elan edəcəklər" — deyə NATO baş katibi qeyd edib. Onun sözlərinə görə, Makedoniya Şimali Atlantika Alyansının 30-cu üzvü olacaq.

ABŞ-dan NATO üzrə müttəfiqi barədə tarixi qərar

Qeyd edək ki, daha əvvəl Makedoniya XİN-i bəyan edib ki, ölkə NATO liderlərinin 11-12 iyul tarixlərində keçiriləcək görüşündə dəvət gözləyir.

Xatırladaq ki, iyunun 18-iMakedoniya hökuməti ölkənin Şimali Makedoniya Respublikası adlanacağı barədə Yunanıstanla imzalanmış razılaşma ilə bağlı qanun layihəsini təsdiqləyib. Bundan sonra layihə ratifikasiya üçün parlamentə təqdim olunacaq.

Saziş hər iki ölkənin daxili prosedurlarla sənədi təsdiq etməsindən sonra qüvvəyə minəcək. Yeni qərar ölkədə etirazlarla qarşılanıb.

Qeyd edək ki, iyunun 17-i Yunanıstan və Makedoniya xarici işlər nazirləri Nikos Kotzias və Nikola Dimitrov keçmiş yuqoslav respublikasının Şimali Makedoniya Respublikası adlanacağı barədə razılaşma imzalayıblar.

Yunanıstan və Makedoniya arasında adla bağlı mübahisə 25 ildən artıqdır ki davam edir və bu ziddiyyət Makedoniyanın NATO və Avropa İttifaqına üzvlüyünə mane olur. Afina qonşu respublikanın adını Yunanıstanın Makedoniya vilayəti ilə qarışdırmamaq üçün dəyişdirməyi tələb edir.