CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyyar "ASAN xidmət" iyulda bu rayonlarda olacaq

Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədi vətəndaş məmnunluğuna nail olunmasıdır
Sputnik

BAKI, 10 iyul — Sputnik. Səyyar "ASAN xidmət" 27 iyun – 26 iyul Kürdəmir və Lənkəran şəhərində, 2 – 31 iyul Şəki və Qusar şəhərində, 4 – 18 iyul Pirallahı rayonunda, 6 – 30 iyul Şamaxı şəhərində, 7 – 31 iyul Gədəbəy və Yevlax şəhərində, 9 – 28 iyul Novxanı qəsəbəsində, 11 – 30 iyul Yardımlı şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Aəzrbaycan-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Səyyar "ASAN xidmət" bu regionlarda olacaq

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.