Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 10 iyul — Sputnik. Bir neçə gün öncə "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarının birində baş vermiş qəza ilə əlaqədar olaraq Bakı və ətraf rayonlarda işıqla suyun verilişində ciddi problemlər yaşandı. İsti yay günündə qaranlığa qərq olmuş şəhərin sakinləri həm də və susuz qaldılar. Elektrik enerjisinin kəsilməsi "Azərsu" ASC-nin, həmçinin Bakı Metropoliteninin, Bakı-Sumqayıt qatarının işində də fasilə yaratdı.
Təbii ki, baş verənlərdən əsas günahkar "Azərenerji" hesab olunur. Dövlət başçısının keçirdiyi müşavirədə də əsas ittihamlar həmin quruma yönəlmişdi. Bununla belə, ortaya suallar çıxır. Ki:
Bütün qurumlar bu kimi fövqəladə hallara əvvəlcədən hazırlıqlı olmalı deyildimi? Sözügedən qurumlar hansı səbəbdən fövqəladə halları nəzərə almayıb, generatorlarla təchiz olunmayıb, işlərini, qismən də olsa, həyata keçirə bilmək üçün əlavə elektrik stansiyalarından elektrik enerjisi almayıb?
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2-3 iyulda baş vermiş hadisələr Azərbaycanın bəzi qurumlarının öz fəaliyyətini lazımi qaydada təşkil etmədiyini ortaya çıxardı: "Baş vermiş hadisə bu günə kimi xərclənən vəsaitlərin rasional olduğunu insanlara aydın göstərdi. Məsələn, metroda qəfil işıq sönüb. İnsanlar tuneldə qatarın içində qalıblar. Baxmayaraq ki, stansiyalar təmir olunub, amma heç bir stansiyada fövqəladə hallarla bağlı işıqlar quraşdırılmayıb. Bu işıqlar adi batareyalarla işləyir, ucuz başa gələn qurğulardır. Fövqəladə hallar baş verən zaman stansiyada işıqlar sönən kimi həmin batareyalar avtomatik olaraq işə düşür və işçilərin, sərnişinlərin hərəkəti üçün işıq saçır".
"Bakı Metropolitenindən gün ərzində 500.000 sərnişin istifadə edir. Bu insanların gediş-gəlişini 40 qəpikdən vursaq, günlük gəlir 200.000 manat edir. Metropolitenə bir gündə bu qədər zərər dəyib. Bakıda 5 elektrik stansiyası var. Bu stansiyalardan biri metropolitenə işıq verə bilmir? Bakı Metropoliteninin iki işıq elektrik stansiyasına girişi olmalıdır. Birindən işıq ala bilməyəndə, digərindən işıq ötürülməlidir. Generatorlar isə mütləq olmalıdır" – ekspert deyib.
İ.Şaban vurğulayıb ki, bu kimi hadisələrlə bağlı Fövqəladə Hallar Nazirliyində xüsusi qurum olmalıdır: "O qurumda ən kiçik fövqəladə hallardan başlayaraq sunami hadisəsi, meteoridin ölkə ərazisinə düşməsinə kimi təbii və digər hadisələrə qarşı öncədən ssenarilər hazırlanmalıdır".
Mütəxəssisin sözlərinə görə, son hadisələr dövlət müəssisələrinin fövqəladə hallara tam hazır olmadığını göstərdi: "Sovet dövründə işıqların tez-tez sönməsi adi hal idi. Amma bu dönəmdə metrolarda insanlar qalmırdı. Ona görə Azərbaycanda adi bir hadisə baş verəndə hər şey kritik vəziyyətə düşür".
Müsahibimizin fikrincə, "Azərenerji"nin səhmlərinin 51 faizi dövlətdə qalmaq şərtilə, qalan 49 faiz hissəsi özəlləşdirilməlidir: "Neçə illərdir qurumu idarə edə bilmirlərsə, belə yolla məsələni həll etmək olar. Əks halda, həm idarəçilik normaya düşməyəcək, həm də dövlət külli miqdarda pul itirəcək".
İ.Şaban "Azərsu"nın Kürdən Bakıya nasoslar vasitəsi ilə su vura bilmədiyi üçün Bakı əhalisini su ilə təmin edə bilməməsinə də münasibət bildirib. Deyib ki, bu kimi fövqəladə vəziyyətlərdə çarəsiz duruma düşməmək üçün əvvəlcədən əlavə fazalar çəkilməliydi.