RUSİYA

Hamını heyrətə gətirdilər, bəs növbəti oyunda nə edə biləcəklər?

Dünya çempionatı, “müasir futbolda müdafiə olunmağı bacarmayan komanda uğur qazana bilməz” amilini növbəti dəfə ön plana çıxardı
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Dörd ildən bir keçirilən və futbol azarkeşlərinin böyük həyəcanla gözlədikləri Dünya çempionatının 1/8 final mərhələsi sona çatıb və artıq 1/4 final mərhələsinin oyunları başlayıb. 1/8 final mərhələsi bir-birindən maraqlı oyunlarla yadda qaldı. Bir neçə komanda azarkeşləri və futbol mütəxəssislərini, sözün yaxşı mənasında, təəccübləndirə bildi.

Belə komandalardan biri də Rusiya milli komandası oldu. Çempionat başlayanda mütəxəssislər rusların qrup mərhələsindən çıxacaqlarına inanmırdılar. Amma komandanın inadlı oyunu Rusiyanı 1/4 finala kimi gətirə bildi.

DÇ-2018: Yarımfinalda oynayacaq daha 2 komanda hansılar olacaq?

Sputnik Azərbaycan futbol üzrə mütəxəssislərdən növbəti 1/4 mərhələsində nələr gözlədiklərini soruşub.

İdman yazarı Natiq Muxtarlı deyib ki, Rusiyada keçirilən dünya çempionatı, “müasir futbolda müdafiə olunmağı bacarmayan komanda uğur qazana bilməz” amilini növbəti dəfə ön plana çıxardı.

Muxtarlı qeyd edib ki, Dünya çempionatının qrup mərhələsində baxımlı futbol sərgiləyən komandalar, artıq pley-offda yoxdur. Onlar məhz müdafiə olunmağı bacarmadıqları üçün qrupda qaldılar: “Qrupdan çıxan Argentina da mübarizəni 1/8 finalda dayandırdı. Argentina DÇ-yə bəlkə də dünyanın ən güclü hücum xətti ilə gəlmişdi. Komandanın hücum xəttində Messi, İquain, Aquera, Di Mariya kimi futbolçular var idi, amma heç ən güclü 8 komanda sırasına da düşə bilmədilər”.

N.Muxtarlı bunun səbəbini də açıqlayıb: “Ona görə ki, Argentina müdafiə olunmağı bacarmırdı. Rusiya isə İspaniyanı məhz ağıllı müdafiə olunması sayəsində məğlub etdi. İspanlar hesabı açdıqdan sonra topu özlərində saxlamaqla, oyuna nəzarət etməyi planlaşdırırdılar. Amma Rusiya hesabı bərabərləşdirdikdən sonra ispanlar özlərini itirdilər. Hücumda heç nə ilə yadda qalmadılar. Rusiya İspaniyanın bütün hücum planlarının qarşısını aldı”.

“Daha bir məqam odur ki, İspaniya ilə oyunda Rusiya yığmasının üzvləri fiziki cəhətdən hazırlıqlı olduqlarını göstərdilər. Məhz fiziki hazırlığın hesabına da oyunu penalti seriyasına qədər uzada bildilər. Burda psixoloji amil də ön plana çıxır ki, yenə də rusların daha hazırlıqlı olduğu göründü. Rusiyanın 8 ən güclü komanda sırasında olması rusların özləri üçün də gözlənilməzdi. Bundan sonrası isə hər şey vurğuladığım amillərdən asılı olacaq" – o deyib.

N.Muxtarlı onu da bildirib ki, pley-off oyunları qrup qarşılaşmalarından ciddi şəkildə fərqlənir: “Qrup mərhələsində hansısa oyunda səhvə yol verirsənsə, onu növbəti oyunda sığortalamaq şansın qalır. Ancaq pley-offda belə deyil. Burda az səhv edən qalib gələcək. Təbii, səhv etməmək üçün də fiziki və psixoloji cəhətdən oyuna hazır olmalısan. Hər kəs Xorvatiyanın da Danimarkaya asanlıqla qalib gələcəyini proqnozlaşdırırdı. Ancaq belə olmadı. Pley-off oyunlarında aşkar favorit olmur. Burda şanslar bərabərdir”.

DÇ-2018: Braziliya əfsanəsi bitdi

Ekspert növbəti mərhələdə hansısa komandanın baxımlı futbola üstünlük verəcəyini güman etmir: “Hər kəs ehtiyatlı davranmağa çalışacaq və rəqibin səhvini gözləyəcək. Ona görə də, proqnoz vermək də getdikcə çətinləşir. Aşkar favoritlərin evə yollandığı bir məqamda iddialı proqnoz vermək, özünü dilinin bəlasına salmaq deməkdi. Dilimizin bəlasına düşməkdənsə, futboldan sakitcə həzz almaq daha münasib variantdır”.

İdman jurnalisti Səbuhi Musayevin fikrincə isə Rusiyanın bu mərhələyə çatmasında bütün dünyanın ispanları favorit qismində görməsi dayanır: "Nəticədə bir tərəfdə 1/8 finala çıxmaqla azarkeşlərinin qəlbinə yol tapmış ruslar, digər tərəfdə üzərinə dünya çempionluğu hədəfi qoyulmuş ispanlar. Psixoloji üstünlük rusların tərəfində idi. Onsuz da onlar ispanları keçməsəydi belə, qınanmayacaqdılar".

"Düşünürəm ki, bu səbəbdən ruslar oyuna tam rahat çıxmışdılar. Verilən penalti, oyunun sonlarına doğru ispanların qələbə qolunu vurmaması və yuxarıda sadaladığım psixoloji amillər üst-üstə yığılınca, lotereya seriyasını da ruslar daha yaxşı yerinə yetirə bildi” – deyə jurnalist əlavə edib.

S.Musayevin qənaətincə, böyük ehtimalla növbəti rəqib Xorvatiya bundan dərs götürüb, rusların ikinci belə bir sensasiyaya imza atmasına imkan verməyəcək.